Dekabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu işə başlayıb.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, “UNAOC: bəşəriyyət üçün dialoqun 20 ili - çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri bir araya gəlib.
Forumda mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir.
İki gün davam edəcək forum çərçivəsində təşkil olunacaq sessiyalarda “Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi”, “Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi”, “Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə”, “İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi” və digər mövzular müzakirə ediləcək.
Eyni zamanda forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və UNAOC Gənclər Forumu təşkil olunacaq.
Bakı 







