• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Məktəb bufetləri: Vəziyyət qənaətbəxş deyil

CƏMİYYƏT

07 Aprel 2023 | 16:50 | Müəllif: Qalib İbrahimoğlu

Məktəb bufetləri: Vəziyyət qənaətbəxş deyil

Xəbər verdiyimiz kimi, dünən A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə olub. Zəhərlənmə ibtidai siniflər şagirdləri arasında baş verib.

Baş verən hadisə məktəblərdə satılan qidaların keyfiyyət məsələsini bir daha diqqətdə saxlanılmasının vacibliyini ortaya qoydu.

Eyyub Hüseynov: Bufetlərində bəzi malların satışı qadağan olsa da, standartlara əməl olunmur

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hələ 10 il öncə məktəb bufetləri üçün standartlar hazırlanıb: “Həmin standartlarda məktəb bufetlərində bir sıra malların satışı qadağandır. Məsələn, qazlı, energetik içkilər, kolbasa və sosiskaların satışı qadağandır. Təəssüflər olsun ki, bu standartlara əməl olunmur”.

Xüsusən regionlarda məktəb bufetlərinin ayrı-arı sahibkarlara icarəyə verildiyini deyən AİB sədri təəssüflə bildirib ki, bu işə nəzarət yoxdur. Onun spzlərinə görə, əgər standartlara əməl olunarsa, zəhərlənmələr olmaz: “Ona görə də, standartların tələbi hər bir məktəb bufetində asılmalı, bufet müdirləri bu işləri bilməli, vaxtaşırı yazılanları oxumalıdırlar”.

Ekspert qeyd edib ki, üstəlik, valideyn komitəsi, müəllim və direktorlar burda ciddi ictimai nəzarəti həyata keçirməlidirlər: “Çox təəssüf ki, məktəblər özlərini bir bağlı müəssisə elan ediblər, heç kəs kənardan gəlib orda ictimai nəzarət edə bilmir. Ona görə də, belə hallar baş verir. Azad İstehlakçılar Birliyi dəfələrlə təklif edib ki, məktəb dəhlizlərində avtomatik meyvə satan qurğular qoyulsun. Uşaqlar 20 qəpik atsın, meyvəni götürüb istehlak etsinlər. Onsuz da, uşaqlar böyük tənəffüsdə də yemək yeməyə vaxt çatdırmırlar”.

Kamran Əsədov: Bufetlər direktorlara pul ödədiyindən onların fəaliyyətinə göz yumulur

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dövlət orta məktəblərində bufetlərin vəziyyəti qənaətbəxş deyil: “Bildiyiniz kimi 2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssisələrində gigiyenik qaydalarla bağlı imzaladığı və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təhsil müəssisələrində satışa icazə verilən qidalarla bağlı xüsusi göstərişləri var. Əlbəttə ki, bunlar, ilk növbədə, məktəbdə təhsil alan şagirdlərin sağlamlığının qorunmasına yönləndirilib. Təəssüf ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bu normalar gözlənilmir. Yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur. Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir. Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə bu xidməti göstərən bufetlərdə demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar satılır”.

Ekspert qeyd edib ki, oradakı məhsullar heç bir səhiyyə qurumı tərəfindən yoxlanılmır: “Bu məsələ xüsusilə diqqətdə saxlanmalı və qadağan olunmuş qidaların, içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Artıq geridə qoyduğumuz 2022-2023 tədris ilinin təcrübəsi göstərir ki, bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş verdi. Bu hadisələrin təkrarlanmaması üçün orada satılan məhsullar mütləq şəkildə yoxlamalardan keçməlidir. Hazırda özəl şirkətlər məktəb bufetlərini qidalarla təmin edir. Həmin şirkətlərin fəaliyyətinin nə dərəcədə leqal və peşəkar olması təbii ki, şübhə altındadır”.

Onun sözlərinə görə, burada ən ciddi yük və məsuliyyət məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının üzərinə düşür. Çünki onlar birbaşa olaraq qanunvericilik çərçivəsində məktəb bufetlərində satılan məhsulların sertifikatına, kefiyyətinə, son istifadə tarixinə nəzarət etməlidir: “Təəssüflər olsun ki, bu qurumların fəaliyyəti yalnız kağız üzərindədir. İndiyə kimi həmin assosiasiyaların məktəb bufetlərinə satılan hansısa zərərli qidanın satışına qadağa qoyduğunu müşahidə etməmişik. Açığı, bufetlər məktəb direktoruna və aidiyyatı qurumlara müəyyən məbləğ ödədiyi üçün onların dırnaqarası fəaliyyətinə göz yumulur”.

K.Əsədov vurğulayıb ki, bu məsələ xüsusilə gündəmdə saxlanılmalı və bufetlər nəzarətə götürülməlidir. Fəaliyyəti qənaətbəxş olmayan müəllim-valideyn assosiasiyaları buraxılmalı və həqiqətən də vətənini sevən, şagirdin, təhsilin gələcəyini düşünən şəxslər rəhbərliyə cəlb edilməlidir.

Onun sözlərinə görə, bəzi məktəblərdə uşaqlara sağlam qidalanma öyrətmək üçün proqramlar artıq başlayıb: “Tədris müəssisələrində, daha dəqiq desək, məktəb yeməkxanalarında çalışanlar müvafiq geyimdə olmalıdır. Bununla yanaşı, hazırlanan yeməklər həm şagirdlərin yaşlarına uyğun, həm də onlar üçün faydalı olmalıdır”.

Müsahibimiz bir məqamı da qeyd edib ki, rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir:

“Ümumtəhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı şəkər, yağ və şirniyyat tövsiyə edilmir. Məktəbli orqanizmi böyüməkdə olduğu üçün onun kalsiuma daha çox ehtiyacı var. Bu baxımdan süd və süd məhsullarının qəbulu vacibdir. Bu, uşaqlarda boy artımını dəstəkləyir, sümüklərin möhkəmliyini təmin edir. Digər tərəfdən, məktəbyaşlı uşaqların hər gün müəyyən miqdar meyvə-tərəvəz qəbulu da vacibdir. Elə ölkələr var ki, məktəblərdə isti qida təşkil edirlər”.

K.Əsədov bildirib ki, valideynlər karta pul köçürür və uşaqlar həmin kartla qidaların içərisindən istədiyi yeməyi seçərək pulunu ödəyirlər. Elə konsepsiya var ki, dövlət tərəfindən təşkil edilir: “Finlandiyada dövlət tərəfindən ildə pul ayrılır və isti yemək təşkil edilir. Hollandiyada isə vəziyyət fərqlidir. Qonşu dövlətlər olsa da, orada qidanın xərci tam olaraq ailənin üzərindədir. Sadəcə, məktəb dietoloqu tərəfindən hər bir uşağa hansı yeməyin lazım olması ilə bağlı məsləhətlər verilir. Rusiya, Qırğızıstan məktəblərində isə isti yemək təşkil edilir. Aztəminatlı ailələrin qidasına dövlət pul ayırır. Qalanları isə öz hesabına həmin qidalarla qidalanırlar. O ölkələrin məktəblərində həkimin və dietoloqun nəzarəti altında menyular tərtib edilir”.

Onun sözlərinə görə, uşaq qidalanmasında sağlam ərzaq məhsulları əsas götürülür: “Çipslər, kulinariya məmulatları, enerji və rəngli içkilər fərq etməz, marketdə nə varsa, məktəbdə də onlardır. Son zamanlar uşaqlarda mədə-bağırsaqla bağlı şikayətlər həddindən artıq çoxalıb. Amma bütün uşaqlarda bunun səbəbi tibbi səbəb deyil. Ən böyük səbəb düzgün qidalanmadır. Düzgün və keyfiyyətli qidalanma bunun ikisi çox vacibdir. Hər gün çips, kulinariya məmulatları və s. yemək düzgün deyil. Çünki məktəb yaşlı uşaqların gündəlik menyusu var. Onlar kalori almalıdır”

Həmsöhbətimiz qeyd edib ki, ikincisi keyfiyyətli qidalanmadır: “Bəzi məktəblər var ki, orada isti, normal yeməklər verilir. Ona görə birmənalı şəkildə hər zaman valideynlərə deyirəm ki, uşaqlara evdən nəsə qoyun. Bufetlər böyük bir şəbəkədir. Ölkəmizdə elə məktəblər var ki, uşaqlara sağlam, isti qidalar təklif edilir. Yəni uşaqlara balanslaşdırılmış qida verilir. Bir sıra lisey və gimnaziyalar var ki, Elm və Təhsil Nazirliyinin icazəsi və təsdiq olunmuş sənəd əsasında o təhsil ocaqlarına isti yeməklər gətirilir. Elə məktəblər də var ki, orada yalnız hazır qidalar – peçenye, bulka və s. satılır. Əsas, qidanın sağlam olmasıdır. Biz həkimlər məktəblərdə isti qidanın uşaqlar üçün vacibliyi ilə bağlı məsləhətlər veririk. Məsələn, əgər uşaq məktəbdə 4 saatdan artıq qalırsa, orada isti qida olmalıdır.

“Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” təsdiqlənib: “Bu standarta uyğun olaraq, məktəblərdə, tədris və tərbiyə ocaqlarında bir sıra məhsullara qadağa qoyulub. Siyahıda istifadə müddəti bitmiş, baytarlıq orqanları tərəfindən yoxlanılmamış ət məhsulları, köhnəlmiş yeməklər, hermetikliyi pozulmuş konservlər və s. var”.

Ekspert vurğulayıb ki, qazlı içkilər, ədviyyatlar, ketçuplar, piroq və ponçiklər, ərimiş yağda bişirilmiş fastfud çeşidləri də qadağan edilmiş məhsullar sırasındadır: “Apardığımız araşdırmalar göstərir ki, dövlət tərəfindən təsdiq olunan qaydalar beynəlxalq normalar nəzərə alınmaqla hazırlanıb. Orada uşaq bağçaları və məktəblər üçün hazırlanmış ərzaq məhsullarının optimal normaları da göstərilir. Məqsəd məktəblilərin sağlamlığının qorunmasıdır. Qeyd etmək lazımdır ki, bu standart məktəbəqədər təhsil ocaqlarında və məktəblərdə qidalanmanı tənzimləyən yeganə sənəddir və ona mütləq əməl olunmalıdır. Bundan başqa, tədris ocaqlarına yarımfabrikatlar və ərzaq məhsulları da ciddi şəkildə yoxlanılır. Eyni zamanda, artıq indiyədək təhsil ocaqlarına verilən bəzi qaynar qidalar və yarımfabrikatların tədarükünə qadağa qoyulub”.

K.Əsədov onu da əlavə edib ki, məktəblərdə satılan istənilən qida məhsulu keyfiyyətli olmalıdır və buna nəzarəti məktəblərin özləri həyata keçirməlidirlər: “Hazırda məktəb bufetlərinə nəzarət “Valideynlər və müəllimlər assosiasiyası” qeyri-hökumət təşkilatının əlindədir, amma bu təşkilatın məhsulların keyfiyyətinin üzə çıxarılması üçün öz laboratoriyası belə yoxdur. Uşaqlar bütün dünyada çips, qazlı su və s. qəbul edirlər. Onları məktəb yeməkxanalarında qadağan etsələr belə, uşaqlar eyni məhsulları yaxınlıqdakı mağazalardan alacaqlar. Amma bir məqamı da unutmaq olmaz - məktəb yalnız təhsil yox, həm də tərbiyə ocağıdır. Odur ki, uşaqların sağlamlığı üçün son dərəcə vacib olan qidalanma məsələsini onların onsuz da həmin qidaların cazibəsi qarşısında duruş gətirə bilməyəcəkləri ilə əsaslandıraraq özbaşına buraxılması yolverilməzdir. Təəssüflər olsun, real vəziyyət budur ki, bizdə məktəb bufetlərinin piştaxtasında olan məhsulları məktəblərin özləri müəyyənləşdirirlər. Məktəblilərin sağlamlığı ilə bağlı bütün məsələlər də hələ ki, məktəb rəhbərliyinin vicdanına qalıb”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR