• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəblilərin davası: Ən böyük problem kənardan baxıb biganə qalanlardadır

CƏMİYYƏT

06 Oktyabr 2022 | 13:45 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblilərin davası: Ən böyük problem kənardan baxıb biganə qalanlardadır

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl paytaxt məktəblərinin birində şagirdlərdən birinin sinif yoldaşını döydüyü əks olunan video yayılıb. Hadisə 112 saylı orta məktəbdə baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Elnur adlı şagird sinif yoldaşını hansısa məsələyə görə “cəzalandırır”, onu bir neçə dəfə yumruqla vurduqdan sonra yerə yaxaraq təpikləyir. Baş verənləri isə onların digər sinif yoldaşları telefonla videoya çəkiblər.

Bu hadisədən sonra cəmiyyət iki yerə bölünüb: kimisi deyir, döyülən uşaq da qarşılıq verməli idi, kimisi onun düz addım atdığını söyləyir. Videodan da göründüyü kimi, uşaqlardan biri çox aqressiv, digəri isə normadan artıq sakitdir. Niyə bu gün cəmiyyətdə yeniyetmə və gənclər ya çox aqressiv, ya da asosial, müdafiəsiz olurlar?

Əhməd Qəşəmoğlu: Baş verən hadisəyə məktəblərimizdə olan mühitin bir göstəricisi kimi baxıram

Sosioloq Əhməd Qəşəmoğlu Bakıvaxtı.az-a bildirib ki, məktəblərdə belə hadisələrin baş verməsi düzgün deyil: “Hər bir məktəbin hər şeydən əvvəl məktəb mühiti olmalıdır. Siz bir Qori Seminariyasının tarixinə baxın, tanınmış insanlar yetişdirib, gözəl bir məktəb mühiti olub. Bir çox məşhur, elitar məktəblər də mühitinə görə fərqlənir. Bu həftə baş verən hadisəyə sadəcə məktəblərimizdə olan mühitin bir göstəricisi kimi baxıram. Hadisənin özü mənim üçün ikinci dərəcəli şeydir. Əsas mühit, bullinqin yayılmamasıdır. Deyirlər belə şeylər Avropadan gəlib. Axmaq şeylər niyə gəlməlidir ki bizə?!”

Sosioloq qeyd edib ki, məktəblərdə uşaqların istər geyim, istərsə də davranış tərzinə diqqət artırılmalıdır: “Bunun üçün də məktəblərdə sosial iş mühiti yaradılmalıdır. Mən 3 ildir ki, müntəzəm olaraq mətbuatda bu barədə danışıram. Əlavə olaraq, Elm və Təhsil Nazirliyinə bu barədə təkliflər və konkret layihələr təklif etmişəm. Təəssüf ki, hələ bir əks-sədasını görməmişəm. Ona görə, mən orda kimisə günahlandırmağın özünü bir səhv hesab edirəm. Mühit elə olmalı idi ki, şagirdlər o səviyyəyə gəlməməli, biri döyməməli, digəri də döyülməməli idi. Kiməsə tərəfdar çıxmaq özü səhv bir mövqedir. Biz ancaq məktəblərdə tədris mühitinin formalaşması üzərində çox ciddi işləməliyik”.

Elmir Əkbər: Uşaqlar arasında gördüyümüz hadisələr böyüklərin qəzəblərinin proyeksiyasıdı

Psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, artıq cəmiyyət də, dünyamız da bir-birinə qarışıb: “Əvvəl insanların başı tək koronavirusa qarışmışdısa, indi müharibələr də var. Dünya qaynayır və insanların psixikası tamamilə çöküb. Siz gözləyin görün, intiharlar, aqressiya nə qədər artacaq. Bir-birini döymək, öldürmək, qəddarlıq artacaq. Qoyun bir 6 ay keçsin, vəziyyət çox pis olacaq, Allah özü hamımızı, birinci növbədə, uşaqları qorusun”.

Onun sözlərinə görə, cəmiyyətdə böyüklərin aqressiyası artıq uşaqlara siraət edib: “Uşaqlar arasında gördüyümüz hadisələr böyüklərin qəzəblərinin proyeksiyasıdı. Eyni zamanda, valideynlərin səhlankarlığı buna zəmin yaradır. Mən birinci səbəbi valideynlərdə görürəm. Bu uşaqlar dəliqanlı, yeniyetmə yaş dövründədirlər. Bu dövrdə valideynin psixoloji dəstəyi onlar üçün ən vacib elementdir. Baxın, Ukraynada müharibə oldu, məktəblər, evlər dağıldı, ukraynalı uşaqlar didərgin düşdü, hətta Azərbaycana gələnlər də var. O uşaqlar özləri ilə nə gətirdilər, ancaq valideynlərinin onlara verdiyi tərbiyəni”.

Psixoloq deyib ki, şəxsiyyət, əsasən, 7 yaşa qədər formalaşır, davamında müəyyən korreksiyalar gedir: “Valideynlərin niyə belə olduğunu anlamıram. Videodakı hər iki uşaq valideyninin psixoterapevtik olaraq yalnış tərbiyəsinin qurbanıdır. Söhbət ondan getmir ki, onlar əlbəyaxa dava etməli idilər. Söhbət ondan gedir ki, bu, yeniyetməlik dövrüdür, valideyn daha diqqətli olmalıdır. Bəs bizim bütün təlimlərimiz, psixoloji yönləndirmələrimiz nəyin üzərində qurulur?! İnsanlar dil ilə sözlərini deyib, özlərini müdafiə etməyi, mümkün ola biləcək konfiliktin qarşısını almağı bacarmalıdırlar. Bu, çox vacib məsələdir”.

Müsahibimiz deyir ki, valideynlər psixoterapevtik olaraq uşaqları doğru böyütməyiblər. Təbii ki, onlar zarafatca güləşə, hansısa əl zarafati edə bilərdilər. Yeniyetməlik dövrlərini nəzərə alsaq, bu faciə olmazdı: “Ancaq videodakə hadisə təkcə iki uşağın deyil, kollektivin problemidir. Sinifdə hər kəs buna biganədir, biri çəkir, digərin kənardan baxır. Bu o demək deyilmi ki, artıq cəmiyyətimizdə psixoloji aşılanma kritik həddə gəlib çatıb”.

E.Əkbər vurğulayıb ki, videoda döyülən uşağa gəldikdə isə insanın mülayimliliyi ilə yanaşı bir zəhmi də olmalıdır: “Söhbət fiziki cavabdan getmir, insanın sırf zəhmi ilə psixoloji olaraq buna şərait yaratmaması və qarşısını almasından gedir. Bullinqə məruz qalan uşağın valideynləri bunu ona öyrədə bilməyiblər. Videoda təkcə döyülən uşaq deyil, döyən, çəkən uşaqlar da qurbandır. Ən böyük problem isə kənardan baxıb biganə qalanlardadır. Budur vəziyyətimiz. Nə qədər ki, Azərbaycan valideynləri övladlarını psixoterapevt dəyərləndirməsinə aparmayacaqlar, belə hallar, şizofreniya, narkomaniya, qumarbazlıq, cinayət, alkoqolizm artacaq. Və nə qədər ki, valideynlərin özlərinin psixikası yerində olmayacaq, o qədər də övladlarını bədbəxt edəcəklər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR