• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Meşələri yandırırlar? - AÇIQLAMA

CƏMİYYƏT

19 Avqust 2022 | 16:14 | Müəllif: Qalib İbrahimoğlu

Meşələri yandırırlar? - AÇIQLAMA

Son günlər Azərbaycanın müxtəlif ərazilərində silsilə meşə yanğınları baş verir.  Əksəriyyət bunu iqlim dəyişikliyi və qlobal istiləşmə ilə əlaqələndirir.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ölkənin Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğınsöndürmə əməliyyatları əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilir.

Qeyd olunub ki, Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilir.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin çox canlı qüvvəsi və texnikası cəlb edilib. Həmçinin yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edir.

Hazırda nəzarətə götürülən yanğın baş vermis ərazilərdə soyutma işləri aparılır. İsti və küləkli hava şəraitinə baxmayaraq, yanğın ocaqlarının tam söndürülməsi məqsədi ilə əməliyyatlar davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bakıvaxtı.az-a bildirib ki, son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırıb. Onun sözlərinə görə, havanın isti və quraq keçməsi ilə əlaqədar meşə və təbiət əraziləri yanğına daha həssasdır: "Bu səbəbdən mütəmadi olaraq vətəndaşlarımıza, təbiət qoynunda istirahət edən turistlərə, meşə ətrafında yaşayan kənd sakinlərinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə müraciət edirik ki, qızmar yay günlərində hədsiz diqqətli olsunlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, biçindən sonra sahələrə od vurmasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb olur”.

Ekoloq Telman Zeynalov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri ciddi problemə çevrilib, bu, həmişə olub və olacaq: “Lakin meşə yanğınlarına iqlim dəyişikliyinin səbəb olduğunu düşünmürəm. Meşələr özbaşına yanmır, meşələri yandırırlar. Hər hansı bir insan gedir istirahət etməyə, siqaret çəkir, kötüyü söndürməmiş atır. Bu zaman ot yanır, daha sonra yanğın bütün meşəyə yayılır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR