• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Mətbuat və sosial media ilə işi necə qurmalı?

MEDİA

09 Sentyabr 2022 | 15:54

Mətbuat və sosial media ilə işi necə qurmalı?

Bir məsələyə dörd baxış

I məqalə

Bəlli olduğu kimi Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. QHT-lərın fəallığının artırılması, o cümlədən onların ideyalarının dəstəklənməsi istiqamətində qrant müsabiqələri keçirilir. Öz növbəsində bu qrant layihələri əsasında QHT-lərin bəlli bir qismi uğurlu və səmərəli fəaliyyət sərgiləyirlər. Amma təəssüflər olsun ki, biz əksər hallarda nəinki bu layihələrin icrasının, ümumilikdə QHT-lərin fəaliyyətinin mətbuatda lazımlı şəkildə işıqlandırılmamasının şahidi oluruq. Bunun da bir səbəbi QHT-lərin böyük əksəriyyətinin mətbuatla, o cümlədən sosial meda ilə işlərini düzgün qurmamaları ilə bağlıdır.

Əksər ekspertlərin də vurğuladıqları kimi, hər hansı QHT öz işini uğurla qurmaq istəyirsə ilk növbədə mətbuat, o cümlədən sosial media ilə əlaqələr məsələsinə önəm verməli, bu istiqamətdə konkret iş mexanizminə malik olmalıdır. Həmçinin, reallaşdırılan qrant layihələrində də mütləq mətbuatda məlumatların işıqlandırılması üçün müvafiq bənd və maliyyə nəzərdə tutulmalıdır. Bir sözlə, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin reallaşdırdığı bu layihədə də məqsəd QHT-lərə bu sahədə yardım etməkdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan  “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi ölkədəki QHT-lərin mətbuatla işinin qurulması, həmçinin sosial mediada fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi işinə dəstək xarakteri daşıyır. Layihəyə cəlb edilən təlimçilərin, həmçinin mətbuat və QHT təmsilçilərinin tövsiyyələrindən ibarət, o cümlədən ayrı-ayrı QHT-lərin mövcud məsələ ilə bağlı yanaşmaları və təcrübəsi də nəzərə alınmaqla məqalələr hazırlanacaq. Beləliklə, bu istiqamətdə hazırladığımız məqalələri təqdim edirik.

Məlumat üçün bildirək ki, ilk iki yazıdakı müsahiblər müxtəlif sahələri təmsil edir. Məsələn Zaur İbrahimli Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Qalib İbrahimoğlu media kapitanı, Məhluqə Rəhimova ixtisaslaşmış QHT-nin nümayəndəsi, Müşfiq Ələsgərli isə həm media, həm də QHT təmsilçisi kimi maraqlı fikirlər səsləndiriblər.

QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur

Beləliklə, söhbətə öncə Zaur İbrahimli ilə başlayaraq, Agentliyini ümumilikdə QHT-media əməkdaşlığını necə görmək istəməsi ilə maraqlandıq.

Agentliyin 2022-ci il kiçik qrant müsabiqəsində bununla bağlı mövzunun salındığını deyən Z.İbrahimli bu addımın heç də təsadüfi olmadığını bildirib: “Məsələ burasındadır ki, Azərbaycanda QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur. Bu günə kimi QHT-lər tərəfindən kifayət qədər məhsuldar və əhatə dairəsi geniş layihələr reallaşdırılsa da onlar barəsində cəmiyyətə dolğun məlumat çatdırlmayıb. Bunun kökündə isə QHT-lərin media ilə əlaqələrinin düzgün qurulmaması dayanır. Nəticədə uduzan yenə ümumilikdə, biz oluruq. Yəni sanki elə bir təəssürat yarana bilər ki, QHT-lər bu layihələri yalnız özləri üçün həyata keçiriblər, cəmiyyətə bunun heç bir dəxli yoxdur. Bir sözlə, bu gün görülən hər işin, o cümlədən QHT-lərin reallaşdırdıqları layihələr barədə cəmiyyətə məlumatların çatdırılmasında medianın əvəzi yoxdur”.

Z.İbrahimli qeyd edib ki, Agentlik bu məsələdə boşluqların aradan qaldırılması üçün konkert addımlar atır: “Həm də qeyd etdiyim istiqamətdə konkret layihələrin reallaşması üçün 2022-ci il kiçik qrant müsabiqəsində xüsusi bənd salınıb. Bu bənd üzrə 4 layihə qalib olub ki, həmin layihələr əsasında da maraqlı işlərin görülməsi nəzərdə tutulub”.

Müşahidə Şurasının üzvü Agentliyin QHT-media əməkdaşlığının güclənməsi istiqamətində daha bir addım da atdığını bildirib:  “İlk dəfə olaraq Agentlik tərəfindən PR məsələləri ilə bağlı artıq minimum standart müəyyən olunub. Yəni biz tövsiyyə etdik ki, hər hansı QHT öz layihəsi barədə ən azı beş KİV-də məlumat verməlidir. Bu minimumdur, bundan artıq neçə saytda, yaxud qəzetdə dərc edilməsi isə artıq QHT-nin öz işini media ilə necə qurmasından aslı olacaq. Bu onu göstərir ki, biz öz tərəfimizdən o mühiti formalaşdırmağa çalışırıq”.

Sözügedən istiqamətdə reallaşdırılan layihələrin gedişində ortaya çıxacaq təklif və nəticələrin maraqlı olacağını deyən Z.İbrahimli maraqlı bir təklif də səsləndirib: “Şəxsən mən həm keçmişdə aparıcı media qurumlarında çalışan biri, həm də hazırda QHT rəhbəri olaraq bu qənaətdəyəm ki, problemin praktiki həlli yollarından biri hər hansı bir müstəvidə KİV və vətəndaş cəmiyyətini bir araya gəlməsindən keçir. Yəni hər iki tərəfin iştirakı ilə geniş müzakirələrə ehtiyac var, fikir mübadiləsi aparılması vacibdir. Düşünürəm ki, bu müzakirələrin bir nəticəsi, mediada daha çox QHT sektoru ilə işləyəcək, bu sahədə zəruri bilik və bacarığa malik  müxbirlərin yetişməsi üçün müvafiq təşəbbüslərə qərar verilməsi ola bilər. Çünki mediada bu sahə üzrə ixtisaslaşma vacibdir”.

Fəaliyyətdə olan QHT-lərin çox az hissəsinin mətbuatla birgə fəaliyyəti nəzərə çarpır

Bakıvaxtı.az xəbər portalının baş redaktoru Qalib İbrahimloğlu da məsələyə tənqidi prizmadan yanaşır. Onun bildirdiyinə görə, hüquqi dövlətin əsas atributlarından biri də qeyri-hökumət təşkilatlarıdır: “QHT-lər cəmiyyətin özünü ifadə vasitələrindən biri sayılır. Bu gün vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərlə medianın əlaqələrinin güclü, intensiv qurulması vacib məsələlərdən biri, bəlkə də birincisidir”.

Q.İbrahimoğlu qeyd edib ki, Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan 4000 QHT keçib. Bundan bir qədər çox - 6000-ə yaxın isə elektron media qeydiyyatdan keçib. “Təbii ki, bu qədər QHT və medianın hamısının əlaqələrindən danışmaq mümkün deyil. Fəaliyyətdə olan QHT-lərin çox az hissəsinin mətbuatla birgə fəaliyyəti nəzərə çarpır. Qalanlarının media ilə əlaqaləri ya zəifdir, ya da ümumiyyətlə, yoxdur”.

QHT-lərlə media arasında əlaqələrin güclənməsi üçün birgə tədbirlər, seminarlar keçirilə bilər 

Baş redaktorun fikrincə, əslində, hər iki sahə bir-biri ilə əlaqələrin inkişafında maraqlıdır: “Bu gün Azərbaycan mətbuatı QHT-lərə açıqdır. Ancaq III sektor bəzən bu açıqlıqdan yararlanmaq belə istəmir. Qeyri-hökumət təşkilatlarının əksəriyyəti press-reliz yazıb redaksiyalara göndərməklə işini bitmiş sayır. Həmin press-relizlərin qeyri-peşəkarcazına, zəif hazırlanmasından isə danışmağa dəyməz”.

Q.İbrahimoğlu təklif edib ki, QHT-lərlə media arasında münasibətlərin daha da inkişafı üçün müəyyən bir sistemləşmə olmalıdır. QHT-lərlə media arasında əlaqələrin güclənməsi üçün birgə tədbirlər, seminarlar keçirilə bilər.

“Hesab edirəm ki, orada səslənən fikirlər, irəli sürülən təkliflər, aparılan müzakirələr yalnız və yalnız ümumi işin xeyrinə olar. İnanıram ki, QHT-lərlə media arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Cəmiyyətdə mövcud problemlərin həlli bu iki sahə arasında sıx münasibətlər çərçivəsində aradan qaldırılacaq”, - deyə o fikrinə yekun vurub.

(Ardı var)

Cavid Şahverdiyev            

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb


SON XƏBƏRLƏR