Misirin arxeoloji missiyası Saqqara nekropolundakı Bubastian qəbiristanlığında 250 boyalı taxta tabut kolleksiyası və Qədim Misir tanrılarının müxtəlif ölçülü 150 bürünc heykəlinin olduğu qədim anbar aşkar edib.
Bakıvaxtı.az azərtac-a istinadla xəbər verir ki, anbarda qədim Misir tanrıları Bastet, Anubis, Osiris, Amunmeen, İsis, Nefertum və Hathorun heykəlləri, ayinlər zamanı istifadə olunan alətlər mövcuddur. Həmçinin dəfn şaxtalarının içərisindən amuletlər, taxta qutular və üzləri qızılla işlənmiş heykəllərlə birlikdə fironların sülaləsinin son dövrünə aid boyalı, bütöv, mumiyalı taxta tabutlar kolleksiyası da aşkar edilib. Bundan əlavə, İsis və Neftis tanrılarının ölülərə yas tutduğunu əks etdirən görkəmli duet heykəli də tapılıb.
Misirin Qədim Abidələr üzrə Ali Şurasının sədri Mustafa Vəziri bildirib ki, tabutlardan birinin içərisində heroqliflə yazılmış bir papirus da tapılıb. Onun içərisində qədim kahinlərin “Ölülər Kitabı”nın ayələri var. Bu yazıların sirrini açmaq üçün Təhrir meydanındakı Misir Muzeyinin laboratoriyasında tədqiqat aparılacaq.
Qədim anbarda gündəlik həyatda istifadə olunan bəzi alətlərlə yanaşı, daraqlar, qablar, bilərziklər, sırğalar və boyunbağılar da daxil olmaqla kosmetika kolleksiyası da tapılıb. Bu tapıntıların hamısı Böyük Misir Muzeyinə təhvil veriləcək.

















