Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləyən azərbaycanlı sərnişinlərin üzləşdikləri vəziyyətlə bağlı rəsmi açıqlama verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Hava Yolları QSC (AZAL)-dən bildirilib ki, əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.
"Belə ki, Bakı-Moskva (Vnukovo)- Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.
Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.
Azərbaycan Hava Yolları yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir" - deyə, məlumatda vurğulanır.
Bakı 




