• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Müəllimlərin psixoloji imtahan verməsinə ehtiyac varmı? - AÇIQLAMA

CƏMİYYƏT

08 May 2023 | 16:24 | Müəllif: Qalib İbrahimoğlu

Müəllimlərin psixoloji imtahan verməsinə ehtiyac varmı? - AÇIQLAMA

Son zamanlar məktəblərdə şagirdlərə qarşı həm psixoloji, həm də fiziki təzyiqlərə daha çox rast gəlinir. Elə ötən həftə Sumqayıtda idman zalında baş verən hadisə də  istər müəllimlərin, istərsə də məşqçilərin psixoloji imtahandan keçirilməsi məsələsini yenidən aktuallaşdırdı.

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın 4432 orta məktəbində 150 min müəllim çalışır: “Etiraf edək ki, hazırda biz bu müəllimlərin yalnız biliklərinin yoxlanılmasını təmin edə bilərik. Əlbəttə, bu, zəruri bir məsələdir. Müəllimlər hər gün 1.6 milyon şagirdin tərbiyəsi və tədrisi ilə məşğuldular, amma onların yalnız ixtisasla bağlı bilikləri yoxlanır”.

Kamran Əsədov: Müəllimlər mütəmadi olaraq müəyyən testlərlə psixoloji yoxlanmaya cəlb edilməlidirlər

Onun sözlərinə görə, MİQ imtahanından sonra iştirakçıların psixoloji durumu 15 dəqiqəlik müsahibə zamanı yoxlansa da, bəzən müəllimlər özlərini gizlədə bilirlər. Ekspert qeyd edib ki, tədris ilinin gedişində müəllimlər mütəmadi olaraq müəyyən testlərlə psixoloji yoxlanmaya cəlb edilməlidirlər: “Zaman-zaman həmin müəllimlərin uşaqlara qarşı zorakılığını, tədrisə uyğun olmayan davranışlarını müşahidə edirik. Təbii ki, MİQ imtahanı zamanı bunun yoxlanılması mümkün deyil. Hesab edirəm ki, imtahanda müəyyən dəyişiklik edilməlidir”.

Müsahibimizə görə, işə qəbul edilən müəllimlər ştata müəyyən müddət müəllim köməkçisi olaraq qəbul edilməlidirlər: “Onlar müxtəlif formalı yoxlanışlardan keçdikdən sonra işə qəbulu həyata keçirilə bilər. Bəzən müəllimlər şəxsi münasibətlər zəminində baş verən məsələləri tədris prosesinə gətirirlər. Bunu edən müəllimlər tədrisin normal gedişini kobud şəkildə pozurlar ki, qanunvericilik buna icazə vermir”.

K.Əsədov hesab edir ki, eyni zamanda, məktəblərin hər birinin ciddi şəkildə kamera nəzarətində olmasını təmin edilməlidir ki, müəllimlər tam olaraq nəzarətdə olsunlar: “Çünki zaman-zaman ciddi fiziki zorakılıq həyata keçirilə bilir. Bu, özlüyündə müəyyən çətinliklər yaradır. Təbii ki, bu, heç də bütün müəllimlərə aid deyil, amma mütləq ən azı hər 6 aydan bir müxtəlif testlərlə müəllimlərin psixoloji vəziyyəti yoxlanılmalıdır ki, onlar şagirdlərə daha yaxşı tədris verə bilsinlər”.

Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkəmizə, cəmiyyətimizə yararlı şəxsiyyət yetişdirmək üçün təhsil-tərbiyə məktəblərdə doğru formada aparılmalıdır: “Əlbəttə ki, məktəblərin fəaliyyəti, müəllimlik peşəsinə doğru yiyələnmək, təhsil və tərbiyəni şagirdlərə doğru aşılamaq çox vacibdir. Bildiyimiz kimi, müəllimlik müqəddəs və məsuliyyətli peşədir. Müəllim öz ixtisasını dərindən bilməli, şagirdlərlə yanaşı özünə qarşı da tələbkar, bacarıqlı olmalıdır. Ən əsası, müəllim şagirdlə münasibət qurarkən son dərəcə nəzakətli, ədalətli, bir sözlə, professional olamalıdır. Əfsuslar olsun ki, müəllim adını daşıyan bəziləri bu şərəfli ada layiq olmurlar. Uşaqların şərəf və layaqətini alçaldır, uşaqlar arasında ayrıseçkiliklərin yaranmasına, təhsilə marağın itməsinə səbəb olurlar. Bu da uşaqlarda dərin psixoloji problemlərin yaranmasına və yaşanmasına gətirib çıxarır”.

Günay Kərimi: Şagird nə qədər nadinc olsa da, psixoloji, fiziki şiddət göstərən müəllimin öhdəsinə buraxılmamalıdır

Psixoloq qeyd edib ki, uşağa qarşı şiddət məktəblərdə yolverilməz bir davranışdır. Onun sözlərinə görə, bu davranışı sərgiləyən müəllim dövlətə, polisə həvalə olunmalı, iş stajı və yaşından asılı olmayaraq işdən uzaqlaşdırılmalıdır: “Çünki sağlam düşüncə və davranışa malik olmayan qeyri-professional insanlar bu peşəyə, müqəddəs ada layiq deyillər. Şagird nə qədər nadinc olsa da, həm psixoloji, həm də fiziki şiddət göstərən müəllimin öhdəsinə buraxılmamalıdır. Burda valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki hər bir valideyn uşağına vaxt ayırmalı, onun yaşadığı hər bir hadisədən xəbərdar olmalıdır ki, neqativ hadisə yaşanmadan qarşısını ala bilsin”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026