İyulun 13-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranda onlarla hədəfi vurub, o cümlədən hava hücumundan müdafiə sistemlərini, radarları, raket buraxılış qurğularını və katerləri məhv ediblər.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Hörmüz boğazı hövzəsində və İranın azı 13 şəhərində, o cümlədən Bəndər-Abbas, Kirmanşah, Keşm, Əhvaz, Sirik və digər şəhərlərdə partlayış səslərinin eşidildiyi bildirilir. ABŞ tərəfi hücumlar zamanı ilk dəfə olaraq dəniz dronlarından istifadə etdiyini açıqlayıb.
Buna cavab olaraq, İran ABŞ-nin regionda yerləşən bir neçə hərbi bazasına ballistik raketlər və dronlarla hücum həyata keçirib. Belə ki, İslam İnqilabı Keşidçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, ABŞ-nin İordaniyadakı bazasında sursat anbarları və yanacaq çənləri, Bəhreyndə yerləşən Şeyx-İsa hava bazasındakı helikopterlərin texniki xidmət yerləri, ABŞ-nin pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzi və digər hədəflər məhv edilib. Bundan başqa, ABŞ hərbi hava qüvvələrinin 5-ci donanmasının bazasının vurulduğu bildirilir. Küveytdə isə “Patriot” hava hücumundan müdafiə sisteminin, AN/FPS erkən xəbərdarlıq sisteminin, eləcə də bir neçə yanacaq çəninin məhv edildiyi iddia olunur.
Son günlər tərəflər arasında hücumların kəskinləşdiyini nəzərə alsaq, münaqişə hansı müstəvidə irəliləyəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib ki, İran Hörmüz boğazı üzərində özünün nəzarətini təmin edən bir razılaşmanı ABŞ-yə qəbul etdirmək istəyir:
“Bu isə ABŞ ilə İran arasındakı müharibədən əvvəlki status-kvonun dəyişməsi deməkdir. Ağ Ev isə İranın bu təklifini rədd edərək, Hörmüz boğazı üzərindəki nəzarəti beynəlxalq standartlarla həyata keçirməyə cəhd göstərir və ya bunu ABŞ-nin hökmranlığı altında bir nəqliyyat marşrutu kimi nəzərdən keçirir. İran kommersiya gəmiçiliyinə hücum etmək qabiliyyətini hələ ki özündə saxlayır. Bu ticari-iqtisadi mənfəətlər uğrundakı rəqabətin bir hissəsidir. Rəqabət münasibətlərindəki problemlərdən doğan məsələlər ABŞ ilə İran arasında növbəti hərbi qarşıdurmanın bir səbəbi oldu”.
Müsahibimiz qeyd edib ki, Tehranla Vaşinqton arasındakı münasibətlərdə müharibə və danışıqlar yolunun hibrid bir model kimi seçilməsi də maraq doğurur. Dediyinə görə, təsadüfi deyil ki, İranla ABŞ arasında başlanan növbəti hərbi qarşıdurmadan sonra Tehranın Vaşinqtona danışıqları bərpa etmək üçün mesaj göndərdiyi haqqında informasiyalar yayıldı. Həmin informasiyaya görə, İran ABŞ-yə çatdırmışdı ki, İranın daxilində bəzi qruplar danışıqları sarsıtmağa çalışır. Onlara görə, İranın öz elitasında danışıqlar tərəfdarı olan qüvvələr bu məsələdə maraqlı deyillər:
“Bu, İranın daxilindəki elita səviyyəsində ABŞ-yə qarşı münasibətlər kontekstində yaranmış fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Amma ümumilikdə Tehranın strateji məqsədləri ölkə daxilindəki bütün qüvvələr üçün demək olar ki, eynidir. Sadəcə bu fikir ayrılıqlarını taktiki bir yanaşma kimi qəbul etməliyik”.
Analitikin fikrincə, ABŞ-İran münasibətləri bundan sonra hərbi qarşıdurma ilə sülh danışıqları və yaxud da razılaşma üçün danışıqlar arasında dəyişəcək:
“Üstəlik, bu tendensiyanın bəlkə də bir neçə il davam edəcəyini söyləyə bilərik. Ona görə də artıq Vaşinqton-Tehran əlaqələrinin səviyyəsini müəyyən edəcək yeni danışıqlara ehtiyac yaranır. Burada hansı şərtlərin irəli sürüləcəyini müəyyənləşdirmək indiki hərbi qarşıdurmanın nəticələrindən asılı olacaq”.

Aqşin Kərimov: Vaşinqton-Tehran əlaqələrinin səviyyəsini müəyyən edəcək yeni danışıqlara ehtiyac yaranır
Aqşin Kərimov əlavə edib ki, İran hələ də Hörmüz boğazı üzərində nəzarəti təmin edən və nüvə proqramı ilə əlaqədar məsələləri əhatə edən iddialarından geri çəkilməyib:
“Ağ Ev isə fərqli bəyanatlar verir, amma strateji məqsədlərini dəyişməyib. Əgər bu dəyişmələr ciddi şəkildə baş vermirsə, onda qarşıdurmaların davam edəcəyini söyləmək də mümkündür. Lakin Yaxın Şərq regionunda ABŞ ilə İran arasındakı münasibətlərin bu tempdə olması, onların nə qədər qəribə görünsə də gələcəkdə əməkdaşlıqlarına dair siqnallar verdikləri təəssüratı yaradır. Vaşinqton-Tehran münasibətlərinin kəskin rəqabət, hərbi qarşıdurma səviyyəsindən çıxararaq artıq bir əməkdaşlıq marşrutuna doğru sürükləndiyi ehtimalı da görünməkdədir. Bu isə gələcəyə dair, bəlkə də orta müddətli gələcəyə dair bir proqnozdur”.
Həmsöhbətimiz vurğulayıb ki, hələlik bu hərbi qarşıdurma tempi öz gücünü, potensialını saxlayacaq:
“Ancaq indi İran daxilində də bəzi transformasiyalar gedir. Onun da proseslərə təsiri mümkündür və ehtimal ki, İranda danışıqların tərəfdarı olan qruplar ABŞ ilə hər hansı bir razılaşmanın imzalanmasında maraqlı olacaqlarını bir daha bəyan edəcəklər”.
Aynur Babazadə
Bakı 



