ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib.
Bakıvaxtı.az xəbər verir ki, bunu fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmid ilə görüşdə bildirib.
Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulayıb. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırıb.
ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmadığını söyləyən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov Bakıvaxtı.az-a bildirib ki, nəinki Minsk qrupu, hətta ATƏT-in bəzi qurumları var ki, onların da fəaliyyəti dondurulmalıdır:
“Çünki onların fəaliyyətinin səmərəliliyi müşahidə olunmur. Hazırda həmin təsisatları saxlamaqla sadəcə orada çalışan şəxslərə əmək haqqı verilir. Fəaliyyətlərinə gəlincə, təcrübədə bu barədə uğurlu iş görmədik. 1992-ci ildə yaradılmış Minsk qrupunun qarşısına qoyulan tələb o idi ki, bu qurum 1 il ərzində Ermənistanla və Azərbayan arasında sülh sazişinin işlənib, hazırlanmasını həyata keçirsin və tərəflər bir ildən sonra sazişə imza atsınlar. Amma biz nəyin şahidi olduq? Gördük ki, bu proses bir deyil, heç 30 ilə həll olunmadı”.

Samir Hümbətov: Bu qurumun saxlanılması Azərbaycana təzyiq kimi dəyərləndirilir
Müsahibimiz deyib ki, Minsk qrupu prosesi uzatmaqla müsbət nəticəyə imkan vermədi:
“İndi biz müharibəni həll etmişik. Bu qurumun saxlanılması Azərbaycana təzyiq kimi dəyərləndirilir. Bu mənada sözügedən qurum bizə lazım deyil”.
Aydın Baxış
















