Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində iyulun 31-də Yaradıcı Mərkəzdə xaricdə təhsil alan bir qrup təqaüdçü tələbə ilə görüş təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və yaradıcı sənayelərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Nazir qeyd edib ki, həyata keçirilən bu təqaüd proqramı dövlətin sözügedən sahələrin inkişafına verdiyi dəstəyin bariz nümunəsidir.
Tədbir zamanı tələbələr təhsil aldıqları ali məktəblər, ixtisas fənləri, təcrübə proqramları və əldə etdikləri biliklər barədə məlumat təqdim ediblər. Adil Kərimli gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, seçdikləri sahələr üzrə peşəkar mütəxəssis kimi yetişmələrinin vacibliyini diqqətə çatdırıb və bu istiqamətdə tövsiyələrini bölüşüb.
Qeyd edək ki, “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında nəzərdə tutulan “Mədəniyyət və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi və ixrac potensialının gücləndirilməsi” məqsədinə uyğun olaraq həyata keçirilir. Tədbirlər Planına əsasən, müasir və rəqabətqabiliyyətli yaradıcı sənayelərin tələblərinə cavab verən sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması üzrə əsas icraçı qurum Mədəniyyət Nazirliyi müəyyən edilib.
Proqram yaradıcı potensialını inkişaf etdirmək və MYS-in müxtəlif istiqamətləri üzrə əmək fəaliyyəti göstərmək istəyən, həmçinin xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz vəsaiti hesabına təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının təhsil xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur.