Kongo Demokratik Respublikasının şimal-qərbində naməlum xəstəlik sürətlə yayılır.
Bakıvaxtı.az bu barədə ölkə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, xəstəliyin ilk dəfə yarasa yeyən üç uşaqda ortaya çıxdığı bildirilir.
Dünya Səhiyyə Təşkilatı (DST) 16 fevral tarixinə qədər iki fərqli epidemiya çərçivəsində ümumilikdə 431 yoluxma və 53 ölüm hadisəsinin qeydə alındığını açıqlayıb.
DST-nin sözçüsü Tarik Yaşareviç vəziyyətin ciddi narahatlıq doğurduğunu vurğulayaraq, “Yoluxma hallarında sürətli artım böyük bir ictimai səhiyyə təhdidi yaradır. Xəstəliyin dəqiq səbəbi hələ müəyyən edilməyib” deyib.
Epidemiyanın ən ağır təsir etdiyi bölgələrdən biri Basankusu səhiyyə zonasında yerləşən Bomanate kəndidir. Burada 419 yoluxma və 45 ölüm faktı qeydə alınıb. Xəstəlik yüksək hərarət, qusma və daxili qanaxma kimi simptomlarla müşahidə olunur. Yoluxan şəxslərin əksəriyyətinin 48 saat ərzində həyatını itirdiyi bildirilir.
Mütəxəssislər xəstəliyin mənbəyini müəyyən etmək üçün araşdırmalar aparır. Ebola və Marburq virusları ilə bağlı aparılan testlər mənfi nəticə verib. DST-nin məlumatına görə, yerli səhiyyə qurumları xəstəliyin digər mümkün səbəblərini araşdırır. Bunlara malyariya, qida zəhərlənməsi, tif, meningit və digər viral hemorragik qızdırmalar daxildir.
DST hələlik iki epidemiya arasında qəti əlaqənin müəyyən edilmədiyini qeyd edib. Yaşareviç, “Bu, başqa bir infeksiya, yoxsa toksik təsir nəticəsində yaranan vəziyyətdir? Araşdırmalarımız davam edir” deyə bildirib.
Nuriyyə Musayeva
















