Naxçıvan Dövlət Milli Dram teatrına direktor təyin edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru vəzifəsini icra edən Mir Qabil Qafil oğlu Əkbərov teatrın direktoru vəzifəsinə təyin olunub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Həsən Seyidov bununla bağlı qərar imzalayıb.
Mir Qabil Əkbərov 1997-ci ildə Naxçıvan şəhərində, Xalq artisti Yasəmən Ramazanovanın ailəsində anadan olub. 2010-2015-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb.
2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin dram rejissoru ixtisasına qəbul olunub. 2019-cu ildə məzun olduqdan sonra təhsilini ADMİU-nun "dram rejissoru" ixtisası üzrə magistratura pilləsində davam etdirib.
2017-ci ildə müstəqil “Şah Mat” teatrını yaradıb. Teatrın kollektivi Tacikistan, Rusiya, İran və Türkiyədə beynəlxalq festivallarda iştirak edib.
Mir Qabil Əkbərovun quruluş verdiyi və “Şah Mat” teatrı tərəfindən təqdim olunan Patrik Züskindin “Kontrabas”, Viktor Hüqonun əsərinin motivləri əsasında “Edama məhkumun son günü”, Qilyermo Fiqeredunun “Ezop”, Matey Visnekin "Qoca kloun tələb olunur" əsərinin motivləri əsasında “Üstdəki dərinliklər” və s. tamaşalar maraqla qarşılanıb.
Əli Hüseynov