Nepal vətəndaşları 18 sığorta şirkətinə təzminat üçün təxminən 2500 iddia qaldırıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, Nepal sığorta şirkətləri irimiqyaslı etirazlarla bağlı dəymiş ziyana görə təxminən 156,7 milyon dollar məbləğində iddialar alıb.
Bu iddiaların 1778-i nəqliyyat vasitələrinin zədələnməsi, 538-i daşınmaz əmlak, 132-si podrat fəaliyyəti, 11-i isə daşınma ilə bağlıdır. Paytaxtın Baqmati əyalətində təxminən 126,6 milyon dollar məbləğində rekord sayda iddia qaldırılıb.
Hakimiyyət qeyd edir ki, xüsusi mülkiyyətə ciddi ziyan dəydiyi üçün kompensasiya tələblərinin sayı arta bilər.
Xatırladaq ki, sentyabrın əvvəlində hökumətin müəyyən sosial media platformalarına qadağa qoymasından sonra Nepalın paytaxtı Katmandu və digər şəhərlərdə iğtişaşlar baş verib. Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər. 70-dən çox insan həlak olub, 1300-dən çox insan yaralanıb.
Gülşən Şərif