• Bakı 25° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

O’Brayn Bakıdan razı qayıdacaqmı? -TƏHLİL

SİYASƏT

28 Iyun 2024 | 16:18

O’Brayn Bakıdan razı qayıdacaqmı? -TƏHLİL

ABŞ Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına tələsir.

Amerika Prezidenti Co Baydenin BakıEnerji Həftəsində Prezident İlham Əliyevə ünvanladığı məktubda da qeyd etmişdi ki, möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Bundan bir neçə gün sonra Amerikanın dövlət katibi Antoni Blinken də Əliyevlə telefon danışığında tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət etdi. İndi də dövlət katibinin köməkçisi CeymsOBrayn Bakıya gəlir. Deməli, sülh sazişi yenə də əsas müzakirə mövzusu olacaq və Vaşinqton sazişin tezliklə imzalanması üçün Azərbaycanın mövqeyini birinci şəxsin dilindən eşitmək istəyir.

Nəzərə almaq lazımdır ki, rəsmi Bakı 44 günlük müharibədən sonra Ermənistana sülh əlini uzadıb, münasibətlərin normallaşması üçün beynəlxalq hüquqa söykənən 5 prinsipdən ibarət təkliflər irəli sürüb, bunun ardınca başlayan sülh danışıqlarında hər zaman konstruktiv davranıb. İndiki vəziyyətdə də Bakının manevr imkanları böyükdür. Məhz bu çərçivədə Ermənistanın mövcud şəraitdən istifadə edərək bəzi manipulyativ hərəkətlərə yol verməsi, sülh prosesindən yayınmaq, yaxud da prosesi öz xeyrinə dəyişdirmək cəhdləri diqqətdən yayınmadı və hər dəfə də Bakı bu mənfur planların qarşısını aldı.

İndi Amerikanın sülh danışıqlarında aktivliyini artırıması, tərəfləri yola gətirmək üçün müəyyən addımlar atması diqqətdən yayınmır. Bayden adminstrasiyasında düşünürlər ki, onsuz da Amerikanın Gürcüstandakı mövqeyinə güclü zərbə vurulub, bununla da o Cənubi Qafqazda iri dayaq məntəqəsini əldən verib. Rəsmi Bakı müstəqil siyasət yürüdür və onun Azərbaycan hakimiyyətinə təsiretmə imkanları demək olar ki, yoxdur. Yalnız Ermənistanın timsalında regiondakı maraqlarını qorumağa çalışan Amerika müəyyən vasitələrlə regional əməkdaşlığı təmin etməyə çalışır.

Amerika hökumətində yaxşı bilirlər ki, Ermənistanla Azərbaycan, həmçinin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün ilk növbədə Bakı ilə İrəvan dil tapmalı və sülh sazişi imzalamalıdırlar. Bu, olmasa nə Ermənistanın regional inkişafından, nə də ABŞ-ın bu regiondakı maraqlarından söhbət gedə bilməz.

Qeyd edək ki, bir neçə gün öncə Ceyms O’Brayn İrəvanda idi. O, üç gün qaldığı Ermənistanla ABŞ arasında strateji əməkdaşlığı daha da gücləndirmək üçün səylər göstərirdi. O, hətta bəyanatında vurğulamışdı ki, ABŞ hökuməti Ermənistanın təhlükəsizliyinin təmin olunmasında maraqlıdır. Regionda vəziyyəti gərginlədirməyə xidmət edən bu bəyanat çox keçmədi öz əhəmiyyətini itirdi. Aydın oldu ki, Ermənistanın təhlükəsizliyi nə ABŞ-dan, nə də digər Qərb ölkəsindən asılı deyil. Ermənistanın təhlükəsizliyinin qarantı Bakı və Ankaradır. Ona görə də Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına nail olmaq üçün həm də Türkiyənin mövqeyi ilə razılaşmaq lazımdır. Ankara nə münasbətlərin normallaşmasına, nə də sülh müqaviləsinin imzalanmasına etiraz etmir. Lakin Ermənistan normallaşma prosesini sürətləndirəcək və sülh müqaviləsinin imzalanmasına ciddi təsir göstərəcək addımlar atmalıdır. Birincisi, Ermənistan ilk növbədə öz konstitusiyasını və digər qanunvericilik aktlarını dəyişdirməli, onu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından təmizləməlidir. İkincisi də Ermənistan Azərbaycanın digər hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Vəziyyət Bayden adminstrasiyasına aydındır. Ona görə də ABŞ-Ankara danışıqlarına Ermənistanla münasibətlərin normallaşdırılması və Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsi əsas müzakirə mövzusu kimi daxil edilib. Ceyms O’Brayn da açıq qalan bəzi məsələlərdə Bakının mövqeyini öyrənmək üçün gəlir.

Azərbaycanın yanaşması aydındır. Zəngəzur dəhlizi açılmasa belə onun İrandan keçməklə Azərbaycanı Naxçıvanla birləşdirən alternativ “Araz dəhlizi” var. Lakin İrandan keçən bu dəhliz başda Amerika olmaqla kollektiv Qərbin maraqlarına uyğun gəlmir. Ona görə də ən çox Zəngəzur dəhlizinə fokuslanan ABŞ Azərbaycanın quru hissəsi ilə Naxçıvanı birləşdirəcək bu dəhliz üzərində maneəsiz hərəkətin təmin olunması üçün ilk növbədə İrəvanı yola gətirməlidir. Yoxsa Bakıdan razı qayıtmaq mümkün olmayacaq. Çox güman ki, problemin həlli üçün Amerika rəsmisi müəyyən təkliflərlə gəlir. O təkliflərdən biri də Naxçıvana gedən yolun üzərində beynəlxalq nəzarət mexanizminin yaradılmasıdır. Bütün hallarda Rusiyanı prosesdən kənarlaşdırmağa xidmət edən planlar çərçivəsində Amerika Çinin də bu dəhliz üzərindəki maraqlarına zərbə vurur. Lakin rəsmi Bakı bu dəhlizdə hansısa kənar qüvvənin dominant olmasına razı deyil. O daha çox Zəngəzur dəhlizinin əməkdaşlıq yolu formatında inkişafını nəzərdə tutur və burada Pekinin maraqlarının da nəzərə alınması Azərbaycanın xarici siyasət prioritetləri sırasına daxildir. Azərbaycan bu prosesdə kiminsə tərəfində olmaqdan daha çox geosiyasi mübarizənin qalibi olan tərəflə işləmək, öz maraqlarına uyğun strategiya yürütmək istəyir.

İndi Ermənistan çətin vəziyyətdədir. O, öz seçimini etməlidir. Əgər İrəvan Zəngəzur dəhlizini Rusiyasız təsəvvür etmək, onu beynəlxalq qüvvələrin maraq dairəsinə salıb öz gələcək inkişafını nail olmaq istəyirsə o zaman Bakının təkliflərini diqqət mərkəzində saxlamalıdır. Həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri normallaşdırmalı, qonşularla əməkdaşlığa can atmalıdır. Əks təqdirdə O’Braynın regiona səfərinin heç bir əhəmiyyəti olmayacaq.

İsmayıl Alısoy

​​​​​​​


SON XƏBƏRLƏR

30 Iyun 2024