Ukrayna ilə bağlı Paris sammitində 35 ölkənin iştirakı gözlənilir.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Ukraynanın Avropadakı və ABŞ-dəki müttəfiqləri Parisdə keçiriləcək sammitdə Kiyevə veriləcək təhlükəsizlik zəmanətləri və Moskva ilə mümkün atəşkəs razılaşması zamanı çoxmillətli qüvvələrin formalaşdırılması məsələlərini müzakirə edəcəklər.
Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskini, ABŞ nümayəndələri Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşneri Yelisey sarayında qəbul edəcək. Sammitdə 35 ölkə iştirak edəcək və onların 27-si dövlət və hökumət başçıları səviyyəsində təmsil olunacaq. Məlumata görə, NATO və Avropa İttifaqı rəhbərlərinin də tədbirdə iştirakı gözlənilir.
Fransa administrasiyasının açıqlamasına görə, görüş Ukraynanın müdafiəsi ilə bağlı ortaq vizyonun formalaşdırılması, gələcək atəşkəsin necə monitorinq olunacağı, dronlar və peyklər kimi texniki vasitələrlə nəzarətin təmin edilməsi, pozuntu halında cavab tədbirlərinin müəyyənləşdirilməsi kimi məsələlərə həsr olunacaq. Həmçinin mümkün sülh razılaşmasından sonra yenidən Rusiya hücumu təhlükəsinə qarşı Ukraynanı quruda, havada və dənizdə qorumaq üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi müzakirə ediləcək.
Aydın Baxış
Bakı 




