“Son zamanlar ictimai debatlarda işğaldan azad edilən torpaqlarda məskunlaşma yenidən ciddi müzakirə edilir. Hətta paytaxtın işğaldan azad edilən şəhərlərdən birinə köçürülməsi fikri belə səsləndirilir. Bu məsələyə də emosiyaları, populizmi kənara qoyaraq yanaşmaq lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Real” Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, paytaxtın yeri seçilərkən adətən təhlükəsizlik məsələsinə xüsusi diqqət verilir: “Bu mənada paytaxtın Bakıdan Qarabağdakı şəhərlərdən birinə köçürülməsi İran və Ermənistana (orada da minlərlə Rus qoşunlarının olduğunu nəzərə alsaq) ərazicə yaxın olduğundan təhlükəsizliklə bağlı məsələdə müəyyən problemlər yarada bilər. Bakı paytaxt olaraq qala bilər, amma şəhərin yükünün azaldılması mütləq baş verməlidir. Elə bir strateji qərarlar alınmalıdır ki, həm işğaldan azad edilən torpaqlarda 2030-cu ilə qədər 1,5-2 mln. vətəndaşımız məskunlaşsın, həm də pararlel olaraq Bakının artıq çəkilməz olan yükü azalsın.
Bunun üçün də bəzi nazirlik, dövlət idarələri, universitetlər işğaldan azad olunmuş şəhərlərə köçürülməlidir. Bunun baş verməsi orada iqtisadi aktivliyin yaranması və inkişafa səbəb olacaq. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin bəzi bölmələrinin, Mərkəz Bankın və s. Bakıda olmasının heç bir önəmi yoxdur. Universitetlərin də Bakıda cəmlənməsi doğru deyil. Məsələn, Tibb Universiteti Ağdama, Mühəndislik Universiteti Qubadlı və ya Füzuliyə, İqtisadiyyat Universitetinin Hadruta, Mədəniyyət Universiteti isə Şuşaya köçürülməsi daha doğru olardı . Belə olarsa, həmin bölgədə ciddi şəhər mədəniyyəti yaranar. Bu mənada Bakının yükünün azaldılması üçün indi gözəl imkan yaranıb və ondan istifadə etməliyik. Universitetlərin işğaldan azad olunmuş şəhərlərdə yerləşməsi həm məskunlaşmanı sürətləndirəcək, həm də onların ətrafında iqtisadi fürsətlər yaradacaq. Kirayə mənzillər, kafelər, restoranlar, tələbə şəhərcikləri, müəyyən istehsal sahələri orada iqtisadi canlanmaya da gətirib çıxaracaq”.

Natiq Cəfərli qeyd edib ki, əgər iğgaldan azad edilən ərazilərimizdə iqtisadi fürsətlər yaranmasa, yenə də yerli icrabaşların özbaşnalığı, məmur biznesi, korrupsiya, inhisarçılıq olacaqsa, bir müddətdən sonra ora köçən əhali yenidən Bakıya üz tutacaq: “İlk növbədə idarəetmə təkmilləşdirilməli, yeni formaya keçid təmin edilməlidir - yəni, prezidentin fərmanı ilə yaradılan 14 iqtisadi rayon arasında ərazisinə görə ən böyüklərindən biri Qarabağ, digəri Şərqi Zəngəzur iqtisadi rayonudur. İndi növbəti addım atılmalıdır - ölkədə rayonlar üzrə inzibati bölgü ləğv edilərək, yeni yaradılan iri iqtisadi rayonlar üzrə inzibati-ərazi bölgüsünə keçilməlidir, regional idarəetmə strukturları qurulmalıdır. Bundan sonra bir sıra mərkəzi qurumların işğaldan azad olunmuş ərazilərə köçürülməsi təmin edilə bilər.
İdarəetmənin effektivliyi artmasa, ədalətli məhkəmə sistemi təsis olunmasa, seçkili yerliözünüidarə institutları effektiv fəaliyyət göstərməsə iqtisadi aktivliyin yaranması mümükün deyil...”
Nuranə Daxilqızı
















