Rusiyanın "Pera Plastik Qrup" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Bakıvaxtı.az "APA-Economics"ə istinadən xəbər verir ki, MMC-nin 9 yanvar 2025-ci ilə olan vergi borcu 8 milyon 641,1 min manat təşkil edib. 2023-cü ildə bu rəqəm 1 milyon 209,4 min manat təşkil edib.
Qeyd edək ki, sözügedən şirkətin qanuni təmsilçisi Rzayev Ramiz Bilal oğludur. Ramiz Rzayevin qanuni təmsilçisi olduğu digər şirkət -"Kasxim" MMC-nin isə yanvar ayının 9-na olan vergi borcu 829,1 min manat təşkil edib.
"Pera Plastik Qrup" və "Kasxim" MMC ilə eyni ünvanda dövlət qeydiyyatına alınan və eyni qanuni təmsilçisi olan "Pera İndustries" MMC isə bu il yanvarın 9-da şirkətin kapitalından 64 milyon manata yaxın vəsaiti geri çəkdiyini açıqlayıb. Belə ki, şirkət əvvəlki nizamnamə kapitalının həcmi əmlak şəklində formalaşdırılmış payı hesabına ümumilikdə 63 milyon 749 min 987.50 manatdan hər birinin nominal dəyəri 0.10 AZN olan 125 paydan ibarət olmaqla 12.50 manata qədər azaldıldığını elan edib.