Xəbər verdiyimiz kimi, Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün sonunda bəyanat qəbul edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
"Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”, - deyə bəyanatda qeyd olunur.
Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a bildirib ki, əslində dünən Praqada keçirilən dördtərəfli görüş Azərbaycan diplomatiyasının, İlham Əliyevin qələbəsidir: “Azərbaycanın milli maraqlarını İlham Əliyev təkbaşına müdafiə etdi. Aydın məsələdir ki, burda Ermənistan duet şəklində çıxış edirdi. Yəni, Fransa həmişə Ermənistanın yanında olub, dünən də eləydi. Avropa İttifaqı Şurası da o görüşdə öz maraqlarına görə iştirak edirdi. Diplomatik dili idman dilinə çevirsək, bir qapılı oyun idi. Amma İlham Əliyev bu işin öhdəsindən çox uğurla gəldi".

Cümşüd Nuriyev: “Azərbaycanın milli maraqlarını İlham Əliyev təkbaşına müdafiə etdi"
Onun sözlərinə görə, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Ermənistanı məcbur etdi ki, 1991-ci il Alma-Ata bəyannaməsinə əsasən, Azərbaycanın müstəqilliyini və suverenliyini tanısın. Çünki indiyə kimi Ermənistan bunu etməmişdi: "İkincisi, Azərbaycan öz ərazisində hansısa missiyanın yerləşdirilməsinə razılıq vermədi. Baxmayaraq ki, guya Aİ-nin Ermənistanda mülki missiyasi yerləşdiriləcək”.
C.Nuriyev qeyd edib ki, bu da Ermənistanın normal dövlət olmadığına dəlalət edir və həm də Ermənistanın siyasi sonunu gətirəcək: “Bilirsiniz ki, Rusiya heç cür Avropanın Qafqaza girməsini istəmirdi. Bunun nəticəsini vaxtilə Gürcüstan ağır ödədi. Paşinyan ağlsızlığına görə özünü bəlaya saldı. Bu, yüz faiz ABŞ-ın, İngiltərənin layihəsidir. Azərbaycan bundan da yararlanacaq".
Politoloq qeyd edib ki, kommunikasiya yolunun açılması ilə bağlı Azərbaycanın öz iddiası var. Nuriyev hesab edir ki, ümumilikdə Praqa görüşləri Azərbaycan üçün növbəti uğur oldu.
"Həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülhün imzalanması üçün hüquqi baza oldu. Bu da o deməkdir ki, Azərbaycan Ermənistana öz şərtlərini qəbul etdirə bildi. Baxmayaraq ki, Ermənistanın yanında Fransa kimi nəhəng dövlət dayanmışdı. Mən bir siyasətçi kimi Azərbaycanın bu uğuruna sevinir və ölkə prezidentini təbrik edirəm”, - deyə Cümşüd Nuriyev əlavə edib.
Nuranə Daxilqızı
















