• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

PSİXOLOQ: "Müğənni soyundu" xəbəri çox oxunur, ÇÜNKİ...

CƏMİYYƏT

31 Iyul 2021 | 11:09

PSİXOLOQ: "Müğənni soyundu" xəbəri çox oxunur, ÇÜNKİ...

Bu gün cəmiyyətin narazı qaldığı məsələlərdən biri də informasiya sahəsindəki vəziyyətdir.

Çox təəssüflə qeyd edə bilərik ki, bu gün cəmiyyətdə ciddi və maarifləndirici xəbərlərə maraq yoxdur. Araşdırma apardığımız zaman görürük ki, ictimaiyyət sarı mətbuata; yəni soyunmaq, təcavüz, zorakılıq, qətl hadisəsi, narkotik və s. ilə bağlı xəbərlərə daha çox meyillidir. Bu tip informasiyalara maarifləndirici xəbərlərin əksinə, daha çox reaksiya gəlir və daha yaxşı oxunur.

Maraqlıdır, bu tip informasiyalar cəmiyyət tərəfindən niyə daha çox oxunur?

Psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, istər-istəməz baş vermiş kataklizmlər, cinayətlər şüuraltı diqqət cəlb edir: “Burda iki faktor var, sarı mətbuat və cinayət tipli xəbərlərin daha çox diqqət cəlb etməsi. Cinayət hadisələri və kataklizmlərlə bağlı olan xəbərlər daha çox diqqət cəlb edir. Misal üçün, Türkiyədə baş verən yanğın xəbəri, Özbəkistanda torpaq əkini ilə bağlı olan informasiyadan daha çox oxunacaq. Bu tip xəbərlər insanın şüuraltına daha çox təsir edir. Sarı mətbuata, hansısa müğənninin şəxsi həyatı ilə bağlı xəbərlərə meyilli insanlar ayrı kateqoriyaya malikdir. Çünki onlar öz şüuraltı istəklərini real həyatda yaşamaq əvəzinə, kimlərinsə həyatındakı epizodlarla tanış olmaqla özlərini rahat hiss edirlər. Daha ciddi informasiya axtaran insanlar da, təbii ki, ciddi xəbərləri oxuyacaqdır. Mətbuat hazırda elədir ki, insanlar nəyi oxuyacağını özləri seçir. Məsələn, əvvəllər sadəcə bir telekanal var idi, o, nə göstərsə camaat ona baxmaq məcburiyyətində idi”.

Elmir Əkbər qeyd edib ki, hansısa uşağa təcavüz olunması xəbəri maraqla oxunur, çünki informasiyanın emosional yükü çoxdur: “Bundan əlavə ölkələr arasında olan müharibə diqqətlə və çox oxunur, çünki dediyim kimi, emosional yükü böyükdür. Xəbərin daha çox oxunması onun emosional yükü ilə bağlıdır. Çox heyif ki, əhalinin bir rup kontingenti də var ki, intellektual baxımdan inkişaf etməmiş insanlardır və onları primitiv nə varsa o, cəlb edir. Məsələn, hansısa “yüzüncü sort müğənni yüz birinci sort müğənniyə tənə edib” tipli informasiyanın kiməsə maraqlı olması, həm də səviyyə ilə bağlı məsələdir. Təəsüf ki, belə insanların sayı da çoxdur. Ciddi insanların heç özünə lazım olan xəbərləri də oxumağa vaxtı olmur. Lakin bu tip insanlar bütün gün boş-bekar olur. Bir sıra informasiya saytları da oxunma sayına görə, oxucuların çoxluğuna görə yükü belə xəbərlərə verir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026