Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Rusiya-Amerika sammitinin Budapeştdə keçirilməsi ideyasını dəstəkləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
"Prezident Tramp ilk olaraq Budapeştin adını çəkdi və prezidentimiz dərhal bu Avropa paytaxtında mümkün sammitin keçirilməsi ideyasını dəstəklədi", - deyə Uşakov qeyd edib.
O, Rusiya və ABŞ liderləri arasında iki saat yarım davam edən söhbəti “son dərəcə səmimi və məxfi” adlandırıb.
“Aydındır ki, bu, çox məzmunlu və eyni zamanda, son dərəcə səmimi və məxfi olub”, - Rusiya liderinin köməkçisi bildirib.
Onun sözlərinə görə, sammitə hazırlıq Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında yaxın günlərdə baş tutacaq telefon danışığı ilə başlayacaq.
Söhbət zamanı iki lider Ukrayna böhranını xüsusi vurğulayıblar.