• Bakı C

    11.2 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Qazaxıstanda referendumun İLKİN NƏTİCƏLƏRİ

DÜNYA

16 Mart 2026 | 12:14

Qazaxıstanda referendumun İLKİN NƏTİCƏLƏRİ

İlkin nəticələrə görə, Qazaxıstanda keçirilən referendumda yeni Konstitusiya layihəsi 7,9 milyon vətəndaş tərəfindən dəstəklənib. Bu, səs verən şəxslərin 87,15%-ni təşkil edir. Layihənin əleyhinə səs verənlərin sayı isə 898 mindən çox olub (9,8%).

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Səsvermə bülletenində yalnız bir sual yer alıb: “2026-cı il 12 fevral tarixində Kütləvi İnformasiya Vasitələrində dərc edilmiş Qazaxıstan Respublikasının yeni Konstitusiya layihəsini qəbul edirsinizmi?”

Ümumilikdə səsvermədə 9,1 milyon insan iştirak edib ki, bu da referenduma qatılmaq hüququ olan vətəndaşların 73,12%-ni təşkil edir. Qanuna görə, referendumu keçmiş saymaq üçün səsvermədə iştirak edənlərin sayı seçici hüququ olanların yarısından az olmamalıdır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, yeni Konstitusiya ölkəni yeni nailiyyətlərə və uğurlara aparacaq.

Ümumxalq referendumunda yüksək seçici fəallığını qeyd edən Tokayev vurğulayıb ki, Qazaxıstan vətəndaşları birliyə, həmrəyliyə və vətənpərvərliyə ən parlaq nümunəni nümayiş etdiriblər.

“Seçki məntəqələrinə gələn və vətəndaş mövqelərini açıq şəkildə ifadə edən hər kəsə təşəkkür edirəm. Beləliklə, biz bütün dünyaya qazax cəmiyyətimizin siyasi mədəniyyətini göstərmiş olduq”, — Tokayev əlavə edib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 20 yanvar 2026-cı il tarixində Qızılorda şəhərində keçirilən qurultay iclasında konstitusiya islahatlarının parametrlərini təqdim edib. Növbəti gün onun fərmanı ilə 130 nəfərdən ibarət konstitusiya komissiyası yaradılıb – deputatlar, məmurlar, hüquqşünaslar daxil olmaqla. Altı iclasdan sonra komissiya ölkəyə yeni Konstitusiyanın lazım olduğunu bildirib və 12 fevral tarixində hakimiyyət orqanları sənəd layihəsini təqdim edib.

Səsvermənin rəsmi nəticələri elan edilməzdən əvvəl Tokayev bildirib ki, 15 mart yeni Konstitusiya Günü elan ediləcək. 1996-cı ildən etibarən Konstitusiya Günü 30 avqustda qeyd olunurdu./Trend 


SON XƏBƏRLƏR

15 Mart 2026