• Bakı 24° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Reklamda başqa, reallıqda başqa: Tur paketi seçərkən BUNLARA DİQQƏT EDİN

CƏMİYYƏT

08 Iyun 2026 | 12:24

Reklamda başqa, reallıqda başqa: Tur paketi seçərkən BUNLARA DİQQƏT EDİN

Yayqabağə ölkənin müxtəlif bölgələrinə turist turları təşkil olunur və istirahət etmək istəyənlərin bu paketlərə marağı artır. Lakin son vaxtlar sosial şəbəkələrdə və müxtəlif platformalarda tur paketlərindən narazılıq edənlərin sayı da az deyil.

Səyahətçilər bildirirlər ki, reklam və elanlarda təqdim olunan xidmətlər, qalacaqları məkanlar və ya istirahət proqramları əksər hallarda reallıqda fərqli olur. Bəzi hallarda vəd edilən komfortlu otel əvəzinə daha aşağı səviyyəli yerləşdirmə təklif edilir, proqramda göstərilən məkanların bir hissəsi isə ümumiyyətlə ziyarət olunmur.

Məsələn, Bakıvaxtı.az-ın redaksiyasına daxil olan belə şikayətlərin birində şikayətçi bildirir ki, İnstagramda bir səhifədə kampa qoşulmaq istəyib: “Ödənişi ödəyən zaman pafoslu şişirmə cümlələrlə o qədər təriflədilər ki, mən də sevinərək 89 manat ödənişi ödədim və qrupa qoşuldum, gedib “kamp obası” deyilən yerə çatanda da isə gözləntilərimlə gördüklərim heç üst-üstə düşmədi”.

Şikayətçinin dediyinə görə, ərazi hansısa sahibkarın bağçası kimi bir olub:

“Çadırlar pis gündə, heyvanı bağlasan çadıra girib qalmazdı, böyük savaşlar verəndən sonra çadırı məcbur etdirib təmizlətdirdim”.

Şikayətdə qeyd olunur ki, 2 günlük bol çeşidli yemək desələr də, belə olmayıb: “Əraziyə çatdıq, günorta balaca bir sendviç verdilər, gücə isə 2 manatlıq yemək. Ertəsi gün bir qaşıq pomidor-yumurta”.

“Kampa baxırsan, düşünürsən bura kampdırsa bəs əsl kampa nə deməliyik” seyə sual edən şikayətçi səfər planlaşdıran hər kəsi diqqətli olmağa, aldanmamağa çağırır.

Vətəndaşlar səyahət paketi alarkən hansı məqamlara diqqət etməli, sonradan məyusluq yaşamamaq üçün hansı addımları atmalıdırlar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, mövsümlə əlaqədar tur paketləri ilə bağlı əsas şikayətlər adətən turistlərə verilən vədlərlə onların səfər zamanı qarşılaşdıqları şərait arasındakı uyğunsuzluqla bağlı olur:

“Amma belə halların çox olduğunu deməzdim. Çünki öz reputasiyasını və nüfuzunu düşünən şirkətlər bu cür fəaliyyət göstərmirlər. Əksinə, onlar çalışırlar ki, müştəri məmnuniyyətini təmin etsinlər. Çünki bu sahədə müsbət rəylər və ağızdan-ağıza yayılan reklam böyük rol oynayır. Onların fəaliyyəti birbaşa vətəndaşlarla bağlıdır və müxtəlif rayonlara, regionlara təşkil etdikləri turların mümkün qədər faydalı və maraqlı keçməsinə çalışırlar”.

Müsahibimiz qeyd edib ki, vətəndaşlar seçdikləri şirkəti əvvəlcədən araşdırmalıdırlar:

“Azərbaycanda region turlarını çox yaxşı təşkil edən şirkətlər var. Onlar mütəmadi olaraq, hətta həftədə bir neçə dəfə müxtəlif istiqamətlər üzrə turlar təşkil edirlər. Sadəcə, sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bəzi şirkətlər müştəri cəlb etmək məqsədilə daha aşağı qiymətlər təklif edə bilirlər. Belə hallarda isə daha diqqətli olmaq və əlavə araşdırma aparmaq lazımdır”.

Ceyhun Aşurov əlavə edib ki, eyni marşrut üzrə təşkil olunan turlar arasında kəskin qiymət fərqi varsa, bu məqam nəzərə alınmalıdır:

“Tur əldə edilərkən ödənişin sadəcə kartdan-karta köçürmə yolu ilə deyil, daha rəsmi formada həyata keçirilməsi məqsədəuyğundur. Həmçinin marşrutun dəqiqləşdirilməsi, proqram barədə ətraflı məlumat alınması və mümkün qədər sənədləşmənin aparılması vacibdir.

Çünki bəzi hallarda insanlar yalnız kart köçürməsi edib, marşrut barədə şifahi məlumat almaqla tura qoşulurlar və sonradan məyusluq yaşayırlar”.

Ekspert vurğulayıb ki, ödənişin rəsmi qaydada aparılması, tur haqqında məlumatın elektron və ya yazılı formada təqdim olunması faydalıdır:

“Marşrut, dayanacaqlar, qidalanma imkanları və digər vacib məqamlarla bağlı dolğun məlumat almaq hər bir turistin haqqıdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycanın müxtəlif bölgəsinə turizm turlarının təşkil edilməsində müxtəlif şirkətlər iştirak edirlər. 

Onun sözlərinə görə, əhali öz seçimi ilə həmin şirkətlərin fəaliyyətinə təsir göstərə bilər: 

“Bunun üçün ictimai nəzarət lazımdır. Sosial şəbəkələrdə hansı şirkətlərin, tur təşkilatçılarının öz öhdəliklərini yerinə Yetirməməsi barədə kampaniya aparılmalıdır. Belə olarsa, həmin şirkətlər qınağa tuş gəlməmək üçün ya öz işlərində irəliləyişə nail olmalıdırlar, ya da əhali onların rəqiblərinə üstünlük verəcək. Burada dövlətin müdaxilə imkanları məhduddur. Yeganə olaraq, istehlakçıların hüquqları ilə bağlı müdaxilə ola bilər. Yəni qeyd edilər ki, çox vaxt təklif olunan, vəd edilən məqamlarla reallıq arasında fərqlər yaranır".

Ancaq müsahibimiz hesab edir ki, bu metod ciddi nəticələrə gətirib çıxarmayacaq. Onun fikrincə, bunun ən yaxşı yolu bazarın "görünməz əl" prinsipidir:

"Yəni hansı şirkətlər yaxşı işləyir, hansı tur təşkilatçıları daha vicdanlı şəkildə öz öhdəliklərini yerinə yetirirlər, onların piarının genişləndirilməsi, fəaliyyətində qüsurlara yol verənlərin isə anti-reklamının təşkili turizm şirkətlərinin işində müsbət dönüş yaranmasına səbəb ola bilər. Ümumən, bu məsələdə ictimai rəyin iştirakı vacib rol oynaya bilər”.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026