Hazırda həm Rusiya, həm də Ukrayna müharibəni yeni mərhələyə daşıyır. Moskvanın Polşa istiqamətində həyata keçirdiyi hücum Qərbin reaksiyasını yoxlamaq və Avropaya təzyiq mesajı göndərmək kimi dəyərləndirilir. Bu, həm “nəbz yoxlaması”, həm də “müharibə arealının genişləndirilməsi” təhdidi xarakteri daşıyır.
Eyni zamanda Ukrayna ordusunun Sankt-Peterburq, Smolensk və Primorskidə “Lukoyl”un əsas neft terminallarına zərbələr endirməsi Moskvanın iqtisadi infrastrukturunu hədəfə almaqla onun resurs potensialını zəiflətməyə hesablanıb. Bu hücumlar Kremlin arxa cəbhəsinin təhlükəsizliyini sual altına qoyur və Moskvanın “toxunulmazlıq illüziyasını” dağıdır.
Alyaska görüşündən sonra sülh müzakirələrinin intensivləşməsinə baxmayaraq, tərəflərin mövqeləri kəskin fərqlidir: Moskva işğal etdiyi ərazilərlə yanaşı əlavə güzəştlər tələb edir, Kiyev isə yalnız dondurulmuş variantı müzakirə edə bilər. ABŞ-ın vitse-prezidenti Ceyms Vensin dediyi kimi, problem iki əsas məsələdə - ərazi və təhlükəsizlik zəmanətləri üzərində cəmlənib.
Donald Tramp bu mərhələdə “sülh vasitəçisi” obrazında çıxış etmək istəsə də, faktiki olaraq Rusiya ilə kompromisə meylli görünür. Bu isə həm Ukraynanın mövqeyini zəiflədə, həm də Avropada gərginliyi artıraraq NATO-nu çətin seçim qarşısında qoya bilər.
NATO-nun Polşa hadisəsini rəsmi hücum kimi qiymətləndirməməsi Rusiyaya əlavə cəsarət verir. Əgər Qərb eyni yumşaq mövqe ilə davam etsə, Moskva həm Ukraynada, həm də Avropanın enerji infrastrukturuna qarşı yeni təzyiq addımlarına əl ata bilər.
Züriyə Qarayeva