Xəbər verdiyimiz kimi, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Qərar Rusiyanın Federasiya Şurası tərəfindən qəbul edilib.
Rusiya Mərkəzi Seçki Komissiyası dekabrın 8-də 3 günlük səsvermə barədə qərar layihəsini müzakirə edəcək.
Şimal qonşumuzdakı seçki prosesi və seçki ərəfəsində beynəlxlaq güclərin bu ölkədə hansısa təxribat törədə bilmə ehtimalları barədə Bakıvaxtı.az-a danışan “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov qeyd edib ki, Rusiyada indi müxalif namizəd anlayışı tamamilə ortadan qalxıb. Onun sözlərinə görə, bir müxalif lider Navalnı idi, o, da 2019-cu ildən etibarən həbsdədir: “Putin administrasiyası onu azad etmək istəmir. Həm də Rusiya cəmiyyəti fərqli formalaşıb. Putin hər nə qədər diktə edən şəxs olsa da, o cəmiyyət Putin kimi şəxsləri qəbul edir, daha çox elə şəxslərə fokuslanır. “Bütöv və güclü Rusiya olsun” yanaşması ilə belə şəxslərə daha çox üstünlük verirlər”.
S.Hümbətova görə, ola bilsin, seçki ərəfəsində Qərb ölkələri Rusiya daxilində bir gərginlik yaratmağa cəhd göstərsin, təxribatlar törətsin. Amma bu, seçkinin nəticələrinə təsir göstərməyəcək: “Vladimir Putinin yenidən prezident seçilməsi ehtimalı çoxdur. O, referendum həyata keçirib, özünün 2036-cı ilə qədər hakimiyyətdə qalmaq imkanlarını genişləndirdi. İnanmıram ki, Putin hakimiyyətini rahatlıqla təhvil versin. Hələ ki, alternativ də yoxdur. Bəlkə də var, amma görsənmir”.
Müsahibimiz qeyd edib ki, indi Putin və digərləri namizdəliklərini irəli sürməyiblər. Gözlənilir ki, yaxın müddət ərzində, yanvarın 17-20-dən sonra namizədlərlə bağlı prosedurlar başlasın: “Seçki elə bir prosesdir ki, orada tam dəqiq nəticəni vermək mümkün deyil. Hər halda Putinin indiyəqədərki təcrübəsinə baxsaq, inanmıram ki, vəziyyət dəyişilsin. Onun hakimiyyətdə qalmaq ehtimalı çoxdur. Rusiya apardığı işğlaçı müharibədə və bu ölkə daxilində ona qarşı təzyiqlər göstərə, təxribatlar törədə bilərlər. Amma hesab etmirəm ki, bütün bunlar seçkilərin nəticəsini dəyişsin. Putinin 70+ faiz səslə yenidən seçilmə ehtimalı var”.
Aydın Baxış
















