“Bu dəfə proseslərə "Ermənistan heç kimdir, heç nədir!" düşüncəsi ilə deyil, Avropa və Amerikanın Ermənistana dəstəyinin ABŞ-ın vahid koordinasiyası ilə olduğu düşüncəsi ilə yanaşmaq mütləqdir”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Avropa İnvestisiya Bankının nümayəndələrinin Aİ nümayəndə heyətinə qoşularaq Ermənistana gəlməsi bu ölkə ilə bağlı ciddi planlardan xəbər verir. Onun sözlərinə görə, təbii ki, burada əsas məqsəd Rusiyanı Ermənistandan çıxarmaqdır. Amma bu, heç də tərəflər üçün asan olmayacaq. Çünki, Rusiya siyasi anlamda Ermənistan nə qədər sirayət edibsə, iqtisadi anlamda bu 10 dəfə dərindir:.
“Çünki:
2022-ci ildə fiziki şəxslərin Rusiyadan Ermənistana yalnız bank sistemi vasitəsilə pul köçürmələri təxminən 3,6 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 320% çox olub. Elə bu pul Ermənistanın illik ÜDM-nin 20%-nə bərabərdir, Rusiya ilə ticarət dövriyyəsi də 80% artıb.
Ermənistan Rusiyaya olan sansksiyalara görə Rusiayaya əsasən öz məhsullarını deyil, başqa ölkələrdən idxal etdiyi məhsulları da göndərir.
Ermənistana birbaşa xarici investisiyaların təxminən 70%-i Rusiya kapitalıdır, Əsas strateji infrastruktur olan qaz və elektrik şəbəkələri Rusiya kapitalı sayəsində işləyir.
Rusiya həm də xarici ticarət göstəricilərinə görə 1-ci tərəfdaşdır.
Turizm sektorunu ayaqda saxlayan əsas ölkə Rusiyadır.
Kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiyadır”.
Bundan başqa, onun sözlərinə görə, Atom Elektrik Stansiyasının istismarı Rusiyanın “RosAtom” şirkəti ilə dövlətlərarası müqavilə əsasında həyata keçirilir. Rusiya olmasa uran tədarükündə həll edə bilməyəcəkləri problem olacaq:
“Göründüyü kimi, Rusiya Ermənistan iqtisadiyyatına hüceyrə səviyyəsinə qədər nüfuz edib. Ona görə də Rusiyanı Ermənistandan çıxarmaq, bədənə batmış iri ucluğu olan bir oxu geri dartıb çıxarmaq kimi ağrılı və qanlı olacaq. Amma gec ya tez QƏRB onu dartıb çıxaracaq. Bundan sonra Ermənistan iqtisadiyyatının yeni dövrü başlayacaq. Biz məhz o dövrə hazır olmalıyıq”.
Aytəkin Cəlali
















