Müdafiə Nazirliyinin hərbi hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə keçiriləcək.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun icraatına verilib.
Məhkəmənin baxış iclası fevralın 11-nə təyin olunub.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin ötən il mayın 22-də çıxardığı hökmə əsasən, Elnur Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.
Məhkəmə onun ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza təyin etməyib. Həmin hissə hökmdən xaric edilib.