“ABŞ və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən danışırlar. Kreml sahibi Vladimir Putin sanksiyalardan çəkinsəydi, 2014-cü ildə Ukraynanı parçalayıb Krımı ilhaq etməz, Donbass separatçılarına dəstək verməzdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Donetsk və Luqansk “respublikaları”nın “müstəqilliyi”ni tanımaq qərarına münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, sanksiyalar Putini qorxutmur, onu gələcək addımlardan çəkindirmir: “ABŞ prezidenti Co Baydenin ilk elan etdiyi sanksiya qərarı Amerika şirkətlərinə Donbasla əlaqəni qadağan etməsidir. Putin bu cür sanksiyadan niyə qorxsun ki? Donbass böyük ərazi deyil ki, Amerika şirkətlərinin bu bölgədə fəaliyyətinə marağı olsun və əksinə Donbassın özünün Amerika yatırımlarına ehtiyacı yoxdur, nə gərəkirsə Rusiyadan əldə edəcək”.
E.Şahinoğlunun sözlərinə görə, Kreml bundan sonra çalışacaq ki, dost dövlətlər Donbası Rusiya ərazisi kimi tanısınlar: “Moskvanın əsas iki dövlətdən – Belarus və Çindən gözləntisi olacaq. Belarus prezidenti Aleksandr Lukaşenko Moskvadan tam asılı olmasına baxmayaraq, bu günə qədər Krımı rəsmən Rusiya ərazisi kimi tanımayıb, ilhaqdan sonra yarımadaya getməyib. İndi də Lukaşenko hadisələrin gedişatını izləyəcək. Çinin özünün ərazi bütövlüyü və separatçılıq problemi var və məntiqlə Ukraynaya da eyni pirzmadan yanaşmalıdır. Pekin uyğurlara qarşı ona görə mübarizə aparır ki, Çin bölünməsinin qarşısını alsın. Pekin eləcə də Tibeti ciddi nəzarət altında saxlayır. Çin bundan başqa Tayvanla bağlı planı da var ki, adanın ona aid olduğunu iddia edir”.
Politoloq onu da bildirib ki, buna baxmayaraq, Pekin Kremlin Donbası Ukraynadan qoparmasına səssiz qalıb: “Halbuki, ərazi bütövlüyü prinsipini rəhbər tutan Pekin başqa ölkələrə münasibətdə də eyni prinsipdən çıxış etməlidir. Ancaq söhbət Rusiyadan getdiyinə görə Pekin seyrçi qalıb. Ukrayna və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb Rusiya əleyhinə qərar verməyə çalışırlar. Təhlükəsizlik Şurasında veto hüququna malik olan Çin buna imkan verməyəcək. Çinin BMT-dəki nümayəndəsi Çjan Tsyun bildirib ki, məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Nə danışıq? Rusiya artıq separatçıları tanıyıb və geri addım atmayacaq, bu, Ukraynanın parçalanması deməkdir. Diqqəti çəkən odur ki, Çin təmsilçisi Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edən cümlə işlətməyib. Beləliklə, Qərb ikili standartlarda ittiham edən Çin Ukrayna məsələsində özü ikili standartlardan çıxış edir”.
Nuranə Daxilqızı
















