• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid dəfnlərində çəkilmiş fotolarla bağlı EKSPERT RƏYLƏRİ

CƏMİYYƏT

14 Aprel 2023 | 16:54 | Müəllif: Qalib İbrahimoğlu

Şəhid dəfnlərində çəkilmiş fotolarla bağlı EKSPERT RƏYLƏRİ

Son zamanlar istər sosial şəbəkələrdə, istərsə də mediada insanların iztirabının, ağır durumlarının əks olunduğu foto və video görüntülərin paylaşılması adı hal alıb. Çox vaxt da təqdimatın nə dərəcə ictimai əhəmiyyət daşıdığını nəzərə alınmır. Hətta ictimai əhəmiyyət daşıyan hadisələrdə belə, ayrı-ayrı mənəvi detallara diqqət yetirilməsi son dərəcə vacibdir. Xüsusən də uşaqlarla bağlı məqamlara.

Bakıvaxtı.az qeyd edir ki, aprelin 11-də Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizdən birinin dəfn mərasimindən çəkilmiş bəzi fotolarda həssas yanaşmanın şahidi olmadıq.

Bununla bağlı Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, bu baxımdan şəhid övladının çəkdiyi əzabın və acının görüntülənərək yayılması halları ayrıca vurğulanmalıdır. Onun sözlərinə görə, burada mübahisə predmeti kimi iki məsələ üzərində dayanmaq mümkündür:  “Birincisi, azyaşlının ağır emosional durumunun təsvirinin yolverilməzliyi, ikincisi, cəmiyyətdə ruh düşkünlüyünün, bədbinliyin formalaşmasını doğuracaq təmayülün qabardılması”.

MŞ sədrinə görə, nəzərə alınmalıdır ki, hər iki xüsus Azərbaycan qanunvericiliyi ilə də mübahisələndirilə, müvafiq mexanizmlərin dövriyyəyə girməsinə əsas formalaşdıra bilər. Belə olduqda isə konkret şəxslər, o cümlədən, jurnalistlər üçün hüquqi məsuliyyət perspektivinin reallığa çevrilməsi mümkünləşər ki, bu isə arzuolunmazdır. Əlbəttə, daha arzuolunmaz məqam həm də mənəvi məsuliyyətin ön plana çıxmasıdır.

“Azərbaycan Mətbuat Şurası media orqanlarını, jurnalistləri, eləcə də özünü cəmiyyətə informasiya verilməsində məsul sayan hər kəsi, habelə sosial şəbəkə istifadəçilərini diqqətə çatdırdığımız görüntüyə bənzər təqdimatların yayımlanmasına həssas yanaşmağa, onların cəmiyyətdə doğura biləcəyi neqativ reaksiyaları, mümkün mənəvi və hüquqi məsuliyyət məsələlərini əvvəlcədən düşünməyə çağırır”, - deyə Rəşad Məcid qeyd edib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, burda məsələ bir az fərqlidir, söhbət şəhidlikdən, bu cür dəfnlərdə şəhid övladının iştirakından gedir: “Düşünürəm ki, bu məqama fərqli rakursdan yanaşmaq lazımdır. Bu gün, demək olar ki, dəfnlərin əksəriyyətində çəkiliş aparılır. Bunların bir qismi də sosial şəbəkələrdə paylaşılır. Cəmiyyət olaraq artıq bu mərhələni də keçmək üzərəyik. Hətta son zamanlar müşahidə etmişəm ki, az qala dəfn prosesinin özünü də çəkib işıqlandırırlar. Həmin çəkilişlər də internet üzərindən paylaşılır, bunu da uşaqlar görürlər. Əgər 30 il əvvəl o cür prosesləri videolardan deyil, canlı görüb daha çox travma yaşayırdıqsa, bu gün hər gün sosial şəbəkələrdə, televiziyada ölüm səhnələri ilə rastlaşırıq”.

Psixoloq vurğulayıb ki, şəhid ailələri insanlar tərəfindən diqqətə alınıblar, onlara bu prosesdə bayraq təqdim olunur, məsuliyyətləri daha da böyüyür: “Onlarda hər hansı psixoloji narahatlıq olduqda professional dəstək göstərilir. Bu cür proseslərdə şəhid övladları atanın dəfnində iştirak etmək istəyirlərsə, məncə, onların istəyinə qarşı çıxmaq doğru olmaz. Sadəcə çalışmaq lazımdır ki, valideyni və ya yaxın ətrafı uşağın davranışında narahatlıq görərsə, psixoloji dəstək almasını təmin etsin. O uşaqlar vətən uğrunda canını vermiş şəhid atalarını dəfnində iştirak edirlər. Amma bu hallardan kənar, əlbəttə, tövsiyə olunur ki, uşaqlar dəfn prosesindən müəyyən qədər kənarda saxlanılsın”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026