• Bakı 28° C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Metroda təmir, küçələrdə sıxlıq: Bakı sentyabra necə hazırlaşır?

CƏMİYYƏT

18 Avqust 2026 | 09:11

Metroda təmir, küçələrdə sıxlıq: Bakı sentyabra necə hazırlaşır?

Sentyabr ayında tədris ilinin başlaması ilə yanaşı, "Bakı Metropoliteni" QSC tərəfindən "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilir. Tikinti müddətində qatarların "Nizami" - "28 May" stansiyaları arasında fəaliyyət göstərməməsi mərkəzi küçələrdə nəqliyyat sıxlığı məsələsini yenidən gündəmə gətirib.

Bəs yarana biləcək çətinliklərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat ekspertiRauf Ağamirzəyev bildirib ki, xətlərin ayrılması layihəsi çərçivəsində "Nizami" və "28 May" stansiyaları arasında 200 metrlik yeni tunellər tikiləcək. Bu dövrdə iki stansiya arasında əlaqə məhdudlaşdırılsa da, "Qırmızı xətt" əvvəlki qaydada, "Yaşıl xətt" isə "Dərnəgül"-"Nizami" istiqamətində fəaliyyətini davam etdirəcək, mənfi təsirləri azaltmaq üçün isə ekspress avtobuslar istifadəyə verilib.

Ekspertin sözlərinə görə, tədris ilinin başlanğıcında sıxlıq qaçılmazdır:

"Bu layihə olmasa belə, hər il sentyabrın 15-də ümumi ictimai nəqliyyat sistemi ciddi təzyiqə məruz qalır və Bakıda nəqliyyat axınları bir-birinə qarışır. Məhz bu layihə də həmin axınları ayırmaq üçün nəzərdə tutulub. Müəyyən sıxıntılar gözlənilir, xüsusilə dərslər başlayan ilk gün çətinliklər olacaq, lakin sonradan axınlar öz hərəkətini nizamlayacaq. Təxminən bir il çəkəcək bu prosesi anlayışla qarşılamalıyıq".

Rauf Ağamirzəyev: Təxminən bir il çəkəcək bu prosesi anlayışla qarşılamalıyıq

Rauf Ağamirzəyev vurğulayıb ki, aparılan təhlillər əsasında əlavə ekspress marşrutların açılması nəzərdə tutulur və bəzi layihələrin sürətləndirilməsinə ehtiyac var. Şəhər mərkəzində piyada infrastrukturu abadlaşdırılmalı, qısa piyada marşrutları üçün işıqforlu və zebralı keçidlərin sayı artırılmalıdır. Həmçinin 2030-cu il proqramında yer alan və "Dərnəgül"lə "Koroğlu"nu əlaqələndirən dəmir yolu xəttinin çatışmayan hissəsinin sürətlə tikilib istifadəyə verilməsi vacibdir.

Nəqliyyat mütəxəssisi əlavə edib ki, metroda 3 dəqiqə 30 saniyəlik intervalla 1500 sərnişin daşısa belə, digər nəqliyyat növlərinin bu həcmi eyni anda əvəzləmək imkanları məhduddur. Lakin alternativ layihələr sayəsində vətəndaşlar səfərlərini fərqli formada təşkil edə biləcəklər. 

"Lakin alternativ addımlar sayəsində vətəndaşlar hərəkət istiqamətlərini daha rahat planlaşdıra biləcəklər. Layihə yekunlaşdıqdan və yeni depo istifadəyə verildikdən sonra isə xətlər tam müstəqil işləyəcək", - deyə Rauf Ağamirzəyev əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026