Son 24 saat ərzində İrandan icazə alaraq 33 gəmi Hörmüz boğazından keçib.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Fars" agentliyi məlumat yayıb.
"Son gün ərzində 33 gəmi, o cümlədən neft tankerləri, konteyner və digər ticarət gəmiləri SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən koordinasiya və təhlükəsizliyin təmin edilməsi şəraiti ilə icazə aldıqdan sonra Hörmüz boğazından keçib", - bəyanatda bildirilir.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Daha sonra Ağ Ev rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb. ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə istiqamətlənən gəmilər üçün bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına gətirib çıxarıb.
Bakı 




