“Sirr deyil ki, tariflər aşağıdır və “Azəristiliktəchizat” bu gün subsidiya ilə işləyir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ona görə də istənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olması ilə yanaşı, əlavə subsidiya tələb edir. Subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır. 2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzləndi. Bu, artıq təsərrüfat üçün müəyyən qədər nəfəs almağa, gəlirlərin müəyyən qədər artmasına imkan verdi. Bu, haradasa bizə 2 milyona yaxın əlavə gəlir verdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında müəyyən olundu. Bu da gəlirlərin iki dəfə artımı deməkdir”, - deyə İlham Mirzəyev qeyd edib.