• Bakı 23° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Siyasi partiyalara ödənişsiz efir vaxtı VERİLƏCƏK?..

GÜNDƏM

09 Avqust 2024 | 09:40

Siyasi partiyalara ödənişsiz efir vaxtı VERİLƏCƏK?..

Siyasi partiyalar sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır. Qeydiyyatda olan 26 siyasi partiyanın 25-i seçkidə iştirak qərarı verib. 

Bu gündən isə ölkədə seçkiqabağı təşviqat başlayıb. Seçkilərə 1 gün qalmış proses başa çatacaq. Mövcud qanunvericiliyə görə, ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müxtəlif media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır.

Ancaq hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa heç bir siyasi təşkilatın 60-dan çox namizədi qeydə alınmayıb. Qeyd edək ki, bundan əvvəlki seçkilərdə də oxşar vəziyyət yaranmışdı. Buna görə YAP ödənişsiz efir vaxtından imtina etmişdi və teledebatlar baş tutmamışdı.

Ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn namizədliyi qeydə alınan siyasi partiya liderlərinə çağırış edib. "Təklif edirəm ki, İTV və ya AzTV efirlərində siyasi partiyalar arasında seçki ilə bağlı debatların keçirilməsi üçün ödənişsiz efir vaxtının ayrılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edək", - o deyib.

Bəs siyasi partiyalar Pənah Hüseynin bu təklifi barədə nə düşünür?

Bakıvaxtı.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar bir neçə siyasi partiya ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı Pənah Hüseynin təklifinin normal olduğunu, lakin müraciətin diqqətə alınmama ehtimalının olduğunu bildirib:

"İstənilən seçkilərdə təbliğat-təşviqatın ən effektiv forması dövlət televiziyalarında efir vaxtının olması, orada debatların getməsidir. Düşünürəm ki, hakimiyyət də bunu bilir. Seçki qanunvericiliyinə görə 60-dan çox namizədi qeydə alınan partiyalara efir vaxtı verirlir. Belə götürəndə Yeni Azərbaycan Partiyasından başqa heç bir partiyanın 60 namizədi qeydə alınmayıb. Bir çox hallarda Yeni Azərbaycan Partiyası efir vaxtından imtina edir. Lakin bir dəfə Prezidentin sərəncamı ilə bütün namizədlərə ödənişsiz efir vaxtı verildi. Lakin bu praktikadan bir daha istifadə olunmadı. Hakimiyyətin bu günə qədər belə bir fikri olmayıbsa, bu cür müzakirə açmayıblarsa, belə bir vaxtın ayrılmasına ehtiyac duymayıblarsa, deməli, bizim təklifimizin diqqətə alınmama ehtimalı var. Belə olan halda bu cür təkliflə çıxış etməyimiz düşünürəm ki, nəticəsiz olar. Amma Pənah bəyin təklifidir, heç bir ziyanı yoxdur".

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bütün hallarda seçkilərlə bağlı ölkə başçısına müraciət imzalamağın əleyhine olduğunu vurğulayıb: "Seçki Məcəlləsində bu icazəni verəcək maddə yoxdur".

REAL partiyasının icraçı katibi Natiq Cəfərli söyləyib ki, Azərbaycanda seçki dönəmində "İctimai TV"də efir vaxtının bütün namziədlərə bərabər şəkildə ayırılması çox yaxşı olardı:

"Bununla da seçkilərə maraq artar, seçki dönəmində siyasi partiyalar, onların nümayəndələri, müstəqil namizdlər öz platformaları haqda vətəndaşlara daha geniş məlumat vermək fürsəti və imkanları qazanardılar. Bu, daha yaxşı olardı. Amma hər şey indiki halda Mərkəzi Seçki Komissiyasının verəcəyi qərardan asılı olacaq. Belə bir qərar olacaqsa, REAL Partiyası o müzakirələrdə məmnuniyyətlə iştirak etməyə hazırdır".


SON XƏBƏRLƏR