Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Livan Prezidenti Cozef Aun ilə keçirdiyi görüşdən sonra bildirib ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyası başa çatdıqdan sonra Türkiyə Cənubi Livanda təhlükəsizliyin təmin olunmasına yönəlmiş təşəbbüslərdə iştirak etməyə və bölgənin yenidən qurulmasına dəstək verməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə UNIFIL missiyasının başa çatması region üçün mühüm mərhələ olacaq. Onun sözlərinə görə, beynəlxalq qüvvələrin bölgədən çıxmasından sonra Livanın suverenliyinin qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçiriləcək bütün təşəbbüslərdə Türkiyə iştirak etmək istəyir.
Türkiyə Prezidenti əlavə edib ki, Livan Silahlı Qüvvələrinə təhlükəsizlik sahəsində dəstək davam etdiriləcək.
Ərdoğan İsrailin hücumlarından ciddi zərər görən Cənubi Livanın yenidən qurulmasına Türkiyənin töhfə verməyə hazır olduğunu vurğulayıb.
O, həmçinin Türkiyənin Livana humanitar və texniki yardımlarını davam etdirəcəyini, ölkənin dövlət institutlarının gücləndirilməsi istiqamətində dəstəyin sürəcəyini bildirib.
Görüş zamanı Livanla Suriya arasında münasibətlərin inkişafı da müzakirə edilib. Ərdoğan iki qonşu ölkə arasında dialoqun genişlənməsinin regionun sabitliyi baxımından faydalı olacağını qeyd edib və Ankara hökumətinin bu prosesə töhfə verməyə hazır olduğunu bildirib.
Livan Prezidenti Cozef Aun isə Ankaraya səfərinin iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olacağına inandığını deyərək, iqtisadi, təhlükəsizlik və bərpa sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bakı 



