"Azərbaycan öz mövqeyindədir, sülhü təklif etdik və prosesi başlatdıq. Ancaq başa düşürük ki, kənar oyunçuların, Qərbin, Rusiyanın və İranın da bu məsələdə öz maraqları var".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Sabiq nazir diqqətə çatdırıb ki, bu maraqların əhatəsində sülhün əldə olunması heç də asan deyil: "Kənar oyunçuların məqsədi Cənubi Qafqaz regionunda öz nüfuzlarını gücləndirməkdir. Qərb Rusiyanı bölgədən çıxartmaq üçün Ermənistan baş naziri Nikol Paşinyana dəstək verir. Son günlər səslənən bəyanatlar, yəni Fransanın, Avropa İtifaqının Qranadada səsləndirdiyi, eyni zamanda ABŞ-nin bəyanatları sülh danışıqları ilə əlaqəli deyil”.
Onun sözlərinə görə, əslində həmin dairələr özləri də gözəl bilirlər ki, Azərbaycan onların mövqeyini, təzyiq və diktələrini qəbul etməyəcək: “O halda məqsəd nədir? Məqsəd odur ki, Ermənistan cəmiyyətini öz tərəflərinə çəksinlər. Görürsüz, hazırda Ermənistanda, sosial şəbəkələrdə "toy-bayramdı". Deyirlər ki, guya Amerika onları müdafiə edir, Fransa silah göndərir və s. Qərb çalışır ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartsın. Bunun üçün erməni cəmiyyətini öz tərəflərinə çəkməyə səy göstərirlər".
Tofiq Zülfüqarov: Qərb çalışır ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartsın
Həmsöhbətimiz vurğulayıb ki, bu oyunda maraqlar toqquşur: "Rusiyanın və Qərbin maraqları ziddiyyət təşkil edir. Amma İranın da mövqeyi dəyişməkdədir. Tehran Ermənistanın Qərb tərəfə keçməsini öz maraqlarına uyğun görmür”.
Zülfüqarova görə, indiki halda Paşinyan müəyyən "nailiyyət" əldə edib, öz aləmində "siyasi qələbə" qazanıb: “Yəni üç gücün toqquşmasını Ermənistan üzərinə cəlb edib. Ancaq fərqində deyil ki, həmin güclərin toqquşması çox kəskin olacaq və Ermənistanın daxilində gərgin vəziyyət yaranacaq".
Aydın Baxış