Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.
Bu barədə Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir.
Yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.
13:44
Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
13:36
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Etilen-Polietilen Zavodunun ərazisində yerləşən yanacaq çənində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bakıvaxtı.az FHN-nə istinadən xəbər verir ki, yanğınsöndürənlər hazırda xüsusi təyinatlı texnikaların tətbiqi ilə yanan çənin söndürülməsi, həmçinin ətrafdakı digər çənlərin soyudulması ilə alovun onlara keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Əlavə məlumat veriləcək.
13:06
Sumqayıtda zavodda baş verən yanğının yayılmasının qarşısının alınması tədbirləri davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
11:52
Sumqayıtda zavodda yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Etilen-Polietilen” zavodunda baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Sumqayıt ərazisində “Etilen-Polietilen” zavodunda yanğın baş verməsi barədə ilikin məlumat daxil olub.
"Hazırda qüvvələrimiz əraziyə cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir".
















