“Son zamanlar ümumtəhsil məktəblərində baş verən neqativ hallar Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü kimi məni çox narahat edir. Məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev bildirib.
Onun sözlərinə görə, 210 nömrəli tam orta məktəbə direktor 95 nömrəli tam orta məktəbdə direktor müavini işləyən Həqiqət Gülalıyeva birbaşa təyin olunub. 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi 1 ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyev birbaşa təyin olunub.
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir: “Bildiririk ki, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir”.
Nuranə Daxilqızı
















