• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təzə nobeliatın köhnə “hünər”i

DÜNYA

15 Oktyabr 2021 | 14:33

Təzə nobeliatın köhnə “hünər”i

Ötən həftə Rusiyanın “Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov Nobel sülh mükafatına layiq görüldü. Gözəl! Həmkarımızdır, qonşumuzdur, heç Nobel də özgəsi deyil, üstəlik biz də sülhsevər xalqıq. 

Muratov həqiqətən işinin peşəkarıdır, rus və dünya siyasi jurnalistikasındakı imzalar içində onun da xətti var. 

Onun banilərindən biri və 24 illik baş redaktoru olduğu “Novaya qazeta”nı bugünkü Rusiyanın yeganə müstəqil qəzeti sayırlar. Bu qəzet orada müxalif liberal-demokratik düşərgənin və hüquq müdafiəçilərinin danışan dili, daha doğrusu, yazan əlidir. Nəşrə məşhurluğu həm də ondakı jurnalist araşdırmaları gətirib. Hər məşhurluq kimi bunun da iki başı var: qəzet və onun əməkdaşları çoxlu yerli və beynəlxalq mükafatlar alıblar, amma eyni zamanda, hakimiyyətin təzyiqlərinə, mafiyanın hədələrinə, əks fikirdə olanların təhqirlərinə digərlərindən çox məruz qalıblar. “Novaya qazeta”da işləyən və ya ona yazı yazan altı jurnalist qətlə yetirilib və bu qətllərin hamısının onların peşə fəaliyyəti ilə bağlı olduğuna olduqca az adam şübhə edir. Qısası, indilik bu qəzet rus azad sözünün son qalası, Muratov – bu qalada hələ ki son qalabəyidir. 

Onu məhz “ifadə azadlığının müdafiəsi üçün göstərdiyi səylərə görə” Nobel sülh mükafatına layiq biliblər, çünki ifadə azadlığı, mükafat komitəsinin fikrincə, “demokratiya və möhkəm sülhün ilkin şərtidir”. 

Burada demokratiya ilə bağlı hissəyə irad yoxdur, amma sülhlə bağlı hissə sual doğurur: Bəs onda, ifadə azadlığının fontan vurduğu dövlətlərin dünya boyu tökdüyü qanları nəyin hesabına yazaq? Hərçənd Nobel sülh mükafatı laureatlarından birinin kütləvi qırğın silahının yaradıcılarından olan Andrey Saxarov, digərinin də böyük dağıdıcı Mixail Qorbaçov olduğunu yada salmaq kifayətdir ki, sözünə heyfin gəlsin. Bu iki şəxsin nümunəsi həmçinin onu göstərir ki, Rusiya kimi ölkələrdəki ifadə azadlığı həmin o azadlığın carçısı olan dövlətlərin maraqlarına cavab verəndə mataha dönür, “sülhün ilkin şərti”nə çevrilir. 

“Nobel-sülh”ün təzə seçimi adı çəkilən o iki laureatdan sonra bu mükafata layiq görülən üçüncü rusdur. Özü də, Muratov siyasi tərcih baxımından öz sələflərinə çox yaxındır: Saxarovun xatirəsinə hörmət bəsləyir, Qorbaçovla isə otuz illik dostdur. Yeri gəlmişkən, onun Nobel mükafatına namizədliyini Qorbaçov irəli sürüb. Bir də, Qorbaçov “Novaya qazeta”nın səhmlərinin 10 faizinə malikdir. 

Biz həm Saxarovu, həm Qorbaçovu hər şeydən qabaq xalqımızın düşməni kimi tanıyırıq. Onların Qarabağ məsələsində tutduğu mövqe zidd-Azərbaycan və dost-Ermənistan olub. Baxmayaraq ki, hüquq da, haqq da bizim tərəfdə idi. Münaqişənin həqiqətinə nüfuz etmək imkanı ola-ola bunu etməyən və ya sadəcə üzgörənlik edən bu iki tarixi fiqurun qalan bütün fəaliyyətinə biz ancaq bu nöqtədən itələnərək qiymət verə bilərik. Bundan sonra və əbədən! 

Qayıdaq təzə nobeliata.

Sözügedən “köhnə”lərə münasibətinə görə Dmitri Muratov barədə sui-zənn etmək və onu da Azərbaycan xalqının düşmənləri siyahısına salmaq istəməzdim. 

Amma düzünü desəm, əksini düşünməyə də əsas tapmıram. Bizim bir neçə fəal ictimai xadimdən – tanınmış media eksperti, filosof, tarixçi və sairdən fərqli olaraq ki, Muratovu xalqımızın dostu və qonşularımızın düşməni adlandırmağa tələsiblər. 

Niyə? – Ona görəmi ki, qonşularımız belə düşünür?! Bəli, ermənilər – söz vaxtına çəkər – ötən ilin bu vaxtı “Novaya qazeta”ya bərk qəzəblənmişdilər. (Halbuki illərlə bu nəşr açıq-aşkar ermənipərəst, anti-türk, islamofob yazılar verib.) Qəhrəman Azərbaycan əsgəri kəndbəkənd qələbəmizi qazanırdı, haylar canlarının hayında idilər, bu üzdən bir az da quduzlaşmışdılar, öz köhnə dost və havadarlarını da düşmən gözündə görür, öz hərbi-siyasi uğursuzluqlarında bütün dünyanı günahkar bilirdilər. Oktyabrın 7-də “Novaya qazeta”da qəzetin qaynar bölgəyə ezam olunmuş müxbiri İlya Azarın “Cənub darvazasının ağzında müharibə” adlı reportajı dərc olunmuşdu. Yazını belə bir redaksiya qeydi müşayiət edirdi ki, “Novaya qazeta” münaqişə tərəflərindən heç birini dəstəkləmir və döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır”. Bizi illər boyu yandırıb-tökən mövqedir – haqlıyla haqsızın davasında bitərəf qalmaq, hər iki tərəfi bir gözdə görmək, təcavüzkarla qurbanı bir tutmaq. Lakin həyasız qonşularımızı rus nəşrinin bu mövqesizliyi belə, qane eləməmiş, onlar qəzetin redaksiyasına etiraz bildirmiş, Ermənistan XİN-i İlya Azarın jurnalist akkreditasiyasını ləğv eləmişdi. Ermənilər yazıdan oktyabrın 4-də Şuşada erməni hərbçilərinin toplantısı gedən klubun Azərbaycan ordusunun raket zərbəsiylə dağıdılması barədə yazılanların çıxarılmasını təkidlə istəmişdilər. Onların tələbinə bir neçə gün sonra “Exo Moskvı” radiosunda münasibət bildirən baş redaktor Muratov öz müxbirində heç bir günah görmədiyini, onun öz reportajında Qarabağdakı ermənilərdən fəxr və mərhəmət hissiylə, bu əzabkeş, amma mətanətli xalqa rəğbətlə söz açdığını bildirmiş və onu da əlavə eləmişdi ki, əmindir, bir gün indiki erməni hakimiyyəti gedəcək, oralar Azara yenidən qucaq açacaq, həyətlərdə ona tut arağı süzəcəklər, o vaxt başqa yazılar yazılacaq, çünki biz öz vətəni uğrunda vuruşan xalqlara necə yanaşmaq lazım olduğunu bilirik. 

Dmitri Muratovun erməni-müsəlman münaqişəsində “dost”,“düşmən”, yoxsa “bitərəf” mövqe tutduğu haqda anlayışa malik olmaq üçün bu da bəs eləməsə, ehtiyatda yenə ermənilərin qətiyyən ürəyincə olmayan daha bir hadisə var. 

Oktyabrın 19-da “Novaya qazeta”da iki azərbaycanlı jurnalistin – Rövşən Hüseynov və Ələkbər Məmmədovun “Qarabağ haqqında artırmadan və azaltmadan” yazısı çıxır. Haqlı mövqeyimizin əks olunduğu yığcam, amma dolğun məqalədir. O da həmin “sülhsevər” redaksiya qeydi ilə çıxır, qeyddə həmçinin erməni ziyalılarına bu yazıya bu cür sakit və mədəni tərzdə cavab vermək təklif olunur. Əvəzində erməni ziyalıları necə bərkdən və vəhşicəsinə reaksiya verirlərsə, Dmitri Muratov yazını saytdan çıxarmalı olur, üstəlik oktyabrın 21-də üzrxahlıq dolu bir şərh yazır. Orada bildirir ki, azərbaycanlı müəlliflər birbaşa müharibəni dəstəkləyib və beynəlxalq sənədlərdən onlara sərf edən şəkildə sitatlar gətiriblər, redaksiya isə hadisəyə ancaq öz müxbirlərinin gözü ilə baxmalı ikən, münaqişə tərəflərindən birinin nümayəndəsinə söz verməklə və ikinci tərəfi də mübahisəyə dəvət eləməklə böyük səhv buraxıb. Ardınca baş redaktor hər iki ölkəyə bir gözlə baxdığını deyir, hər iki xalqın ziyalılarını aranı qızışdırmaqda günahlandırır, məlum hadisələr vaxtı ezamiyyətdə olduğu və çox şey gördüyü Sumqayıt və Bakını xatırlayır. (Ermənilərin bizimkiləri qovduğu və qırdığı yerlərdə olmayıb yəni!?) Həqiqi “starşi brat” – “böyük qardaş” qayğısı qoxuyan şərhin son cümlələri belədir: “Sülh danışıqlarına başlamaq və dirilərlə ölülərin vəziyyətini yüngülləşdirmək vaxtıdır. Danışıq masası ehsan süfrəsindən yaxşıdır. Əgər indiki siyasətçilər bir-birilərini qırıb qurtamağı dayandıra bilmirlərsə, məsələni sonrakı nəsillərə saxlayın. Bəlkə onlar sizdən ağıllı oldu”. Necə deyərlər, sitatın sonu.

Doğrudan da, Dmitri Muratov kimilərinin dost, yoxsa düşmən olduğunu təyin eləmək üçün çox ağıllı olmaq lazımdır. 

Bəlkə adam həqiqətən ali humanist dəyərlərə sadiq adamdır və istəmir ki, bu xalqlar bir-birinin qanını axıtsın? Havayı yerə sözügedən şərhdə dostu Əkrəmin, yəqin ki, məşhur jurnalist Əkrəm əkə Mürtəzayevin Qarabağ münaqişəsi qızışan vaxtlarda dediyi sözləri yada salmır – “Gərək öz torpağını necə sevəsən ki, onun uğrunda özgənin uşaqlarını öldürəsən”? 

(Yaxşı, məgər biz erməninin uşağını öldürmüşük?! Nə vaxt olub bu?! Biz bizim uşaqların qatili olan erməniləri öldürmüşük və öldürəcəyik! Biz öz torpağımızı belə sevirik, qoy Muratov və Mürtəzayev kimilərinə bunu anlamaq çətin olsun – nə eləməli. Qoy onlar Nobel sülh mükafatlarının dalınca düşsünlər.)

Yəqin bizim Muratovu dost görən həmvətənlərimizi onun familiyası aldadıb. Həqiqətən doğma səslənir. Rusiya sülhməramlılarının keçmiş komandiri də bir hərf fərqlə həmin soyadı daşıyırdı. O, tabasaranlı idi. Dmitri, bizimkilər onu tatar çıxarsalar da, rusdur və deyir ki, tatar soyundan olması barədə heç bir bilgiyə malik deyil. Amma ola da bilərdi və bu onun halına çox təvafüt eləməzdi, çünki Rüstəm Muradovun misalında imperiya zabitinin milliyyəti olmadığı kimi, Dmitri Muratovun misalında imperiya mirzəsinin də milliyyəti olmur.  

Radikalının da, liberalının da...

Seymur Şahbaz-zadə

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026