Qazaxıstan bütün türk xalqları arasında əlaqələrin dərinləşməsinə dəstək verməyə davam edəcək.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev “Ana tili” nəşrinə müsahibəsində bildirib.
“Son 10 ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə güclənib, 2024-cü ildə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard ABŞ dollarını ötüb. Ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsində mühüm rol oynayır. Biz energetika, sənaye, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlığı artırmaq niyyətindəyik”, - Tokayev deyib.
O xatırladıb ki, TDT-yə daxil olan ölkələr Qazaxıstanın qonşuları və mühüm geosiyasi tərəfdaşlarıdır. Qazaxıstanın 2024-cü ildə təşkilata sədrliyi dövründə siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilib.
TDT-nin sədri kimi Qazaxıstan “TURKTIME!” devizi ilə çıxış edib. Bu abbreviatura səkkiz prioriteti ifadə edir: Ənənələr (Traditions), Birləşmə (Unification), İslahatlar (Reforms), Bilik (Knowledge), Etimad (Trust), İnvestisiyalar (Investments), Mediasiya (Mediation) və Enerji (Energy).
Tokayevin sözlərinə görə, bu prioritetlər TDT ölkələri ilə məhdudlaşmayan bütün türk birliyi tərəfindən maraqla qarşılanıb.
“Qazaxıstan türk dünyasının yaxınlaşmasına töhfə verən bütün yaradıcı təşəbbüsləri dəstəkləyir”, - Qazaxıstan Prezidenti fikrini yekunlaşdırıb.