“Aktyor Azər Baxşəliyevlə bağlı yayılan xəbər doğrudan da narahatlıq doğuran mənzərədir. Əvvəla, aktyorumuza Allahdan rəhmət diləyirəm. İşin xəbər tərəfinə gəlincə, qeyd edim ki, mənzərə çox üzücüdür”.
Bu barədə Bakıvaxtı.az-a Əməkdar jurnalist, Pressklub.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib.
Baş yazar qeyd edib ki, bu məsələ sosial şəbəkələr və peşəkar medianın iş üslublarının toqquşduğu an idi:
“Bunu neçə vaxtdır müşahidə edirdik, bu barədə danışırdıq, deyirdik. Sağ olun ki, bunu mövzu halına gətirmisiniz və müzakirəyə çıxarmısınız. Qanunvericilik, media kodeksi və peşəkarlıq standartları çərçivəsində işləyən media strukturu bu cür xəbərlərə münasibətdə sosial şəbəkələrdən asılı qalmamalıdır. Doğrudur, sosial şəbəkələr peşəkar media üçün informasiya mənbəyi rolunu oynaya bilər, lakin bu məlumatı dəqiqləşdirmək üçün tələb olunan instansiyalardan keçilməli idi. Görünür ki, sosial şəbəkələrdə yazılanları həqiqət kimi qəbul etmək və yaxud onu diqqətdən kənarda saxlamamaq günümüzün reallığıdır".
Müsahibimiz bildirib ki, sosial şəbəkələrdə belə bir xəbər paylaşılıb və bu xəbərin özü artıq faktdır. Q.Abbasoğlunun sözlərinə görə, aktyorun vəfatı faktı ortada olmasa da, onun vəfatı ilə bağlı yayılmış xəbəri ilkin fakt hesab edirlər:
"Bu xəbəri sosial şəbəkədən götürüb, yayırlar, təkzib olunanda da yazırlar ki, xəbər təsdiqini tapmadı. Şübhəsiz, peşəkar mediaya yaraşmayan haldır. Bu, təxminən küçədə eşitdiyin söhbəti, sözü gəlib sayt, qəzet və televiziyada informasiyaya çevirib, auditoriyaya yönləndirməklə eynidir. Onunla eyni haldır. Sosial şəbəkə neqativ mənada deyil, sosial mənada bir küçədir. Orada insanlar fikirlərini bölüşürlər, eşitdikləri barədə yazırlar, yazmağa da haqları var, lakin biz onu oxucuya təsdiqlənmiş xəbər kimi çatdırmazdan əvvəl, tələb olunan instansiyalardan keçməliyik. Cavabdeh mənbədən dəqiqləşdirməliyik, haqqında, xəbər yayılan insanın ailəsindən, onun yerləşdiyi xəstəxanadan, səhiyyə strukturunun hansısa instansiyasından bunu dəqiqləşdirməliyik. Bax bundan sonra xəbəri auditoriyaya ünvanlamalıyıq”.
Qabil Abbasoğlu: Sosial şəbəkə neqativ mənada deyil, sosial mənada bir küçədir
Q.Abbasoğlu onu da diqqətə çatdırıb ki, bu sayaq məsələlərdə müqəssir axtarmaq asan işdir, Azərbaycanda isə bu daha asandır:
“Bir hadisə baş verən kimi medianı günahkar göstərirlər. Amma sual budur ki, media niyə bu səviyyəyə gəlib çatıb? Bu sualın da cavabını araşdırmaq lazımdır. Bəs bunun müqəssiri kimdir? Mənə elə gəlir ki, üzərində daha çox baş sındırılmalı məsələ məhz budur. Mətbuat səhvlərinə görə həmişə günahkardır, müqəssirdir və cəmiyyətdə bu cür neqativ vəziyyətlər yaranandan sonra mediaya etimadsızlıq yaranır. Bu məsələdə mətbuatı günahkar hesab etmək olar, lakin niyə mətbuat bu səviyyəyə gəlib çatıb? Bu sual ətrafında düşünsək, onda müqəssir tamam başqa ünvanda axtarılmalıdır”.
Qeyd edək ki, aktyor Azər Baxşəliyev müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə onun yaxınları məlumat verib.
Aktyor evindən son mənzilə yola salınacaq.
Məlumat üçün bildirək ki, aktyor uzun müddət idi böyrək çatışmazlığından əziyyət çəkirdi. Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən aktyorun ölüm xəbəri yayılsa da, daha sonra Azər Baxşəliyevin reanimasiyaya yerləşdirildiyi və süni tənəffüs aparatına qoşulduğu açıqlanmışdı.
Aydın Baxış