ABŞ-nin yeni seçilmiş prezidenti Ponald Tramp enerji hasilatını artırmaq və Bayden administrasiyası tərəfindən sənayeyə tətbiq edilən çoxsaylı ekoloji məhdudiyyətləri aradan qaldırmaq üçün vəzifəyə gəldikdən sonra verdiyi ilk qərarlardan biri kimi enerji ilə bağlı fövqəladə vəziyyət elan edə bilər.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbələr bildiriblər ki, Tramp federal mülkiyyətdə olan torpaqlarda yeni neft və qaz yataqlarının işlənilməsi yolu ilə karbohidrogen hasilatını əhəmiyyətli dərəcədə artırmaq üçün xüsusi prezident səlahiyyətlərindən istifadə edə bilər.
Seçilmiş prezident Baydenin yeni mayeləşdirilmiş təbii qaz ixracı lisenziyalarına moratoriumunu qaldıra, nəqliyyat vasitələrinin çirklənməsini məhdudlaşdıran və yanacağa qənaət tələblərini müəyyən edən hökumət qaydalarını geri qaytara və amerikalıların elektrikli avtomobillərə keçməsi üçün hökumətin stimullarını aradan qaldıra bilər.
Energetika sahəsində fövqəladə vəziyyətin elan edilməsi Trampa adətən qasırğalara, terror hücumlarına və digər gözlənilməz hadisələrə operativ reaksiya göstərmək üçün istifadə olunan 150 tədbirə çıxış imkanı verə bilər.
“Onlar bütün enerji zəncirinə təsir edə bilər - neft yataqlarından tutmuş avtomobil satışı həyata keçirilən salonlara qədər”, - agentliyin müşahidəçiləri qeyd edirlər. Bundan əlavə, “The Washington Post” qəzeti mənbələrə istinadən Trampın Alyaskadakı Arktika Milli Vəhşi Təbiət Parkında neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətini təsdiqləyir.
Seçki kampaniyası zamanı Tramp dəfələrlə bəyan edib ki, qalib gələrsə, ABŞ-nin dünyada enerji dominantlığına nail olması üçün əlindən gələni edəcək. Bu da ABŞ-də enerji hasilatının artması və ölkənin qlobal enerji ixracındakı payının artması deməkdir.