Son zamanlar mətbuatda fiziki zorakılığı əks etdirən vidogörüntülərə sıx rast gəlinir.
Bu cür hallar cəmiyyətdə geniş müzakirələrə səbəb olsa da, zamanla belə neqativ halların adiləşməsi qaçılmaz hal ala bilər. Xüsusən də, sosial şəbəkələrdə yayılan videogörüntülərdə kimin haqlı və ya haqsız olduğunu, kimin kimi fiziki zorakılığa təşviq etdiyini anlamadan birmənalı olaraq fiziki zorakılığa məruz qalan şəxsə dəstək göstərilir. Çünki qanunvericiliyimizə görə, insanların bir-birini alçatması, fiziki zorakılıq göstərməsi yolverilməzdir.
Bəs, görəsən, bu cür fiziki zoraklığı törədən şəxsi və ya şəxsləri hansı cəza və ya cərimələr gözləyir?
Vəkillər Kollegiyasının üzvü, vəkili Dədəkişi Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, vurulan xəsarətin dərəcəsinə müvafiq olaraq əməl inzibati xəta və ya cinayət əməli kimi tövsif edilə bilər.
Onun sözlərinə görə, xəsarət dərəcəsi təyin edilməyən hesab olunsa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə müvafiq olaraq şəxs məsuliyyətə cəlb edilə bilər:
"Əməlin xuliqanlıq olub-olmamasının aydınlaşdırılması üçün mütləq qaydada hadisə tam və hərtərəfli araşdırılmalıdır. Belə ki, əmələ bu cür qiymət verilməsi üçün hadisənin kim tərəfindən başlanılması, ətrafda kənar şəxslərin mövcud olub-olmaması, baş verən hadisənin onlarda qorxu, panika yaradıb-yaranmaması kimi xüsusatlar müəyyən edilməlidir. Bundan sonra əməlin xuliqanlıq kimi tövsifi ilə bağlı mövqe bildirmək mümkün olar".
Dədəkişi Vəlizadə, hüquqşünas
Hüquqşünas qeyd edib ki, əgər xəsarət bədənə ağır, az ağır və ya yüngül dərəcəli zərər vurmuş olsa, bu halda əmək müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 127 və 128-ci maddələri ilə tövsif edilə bilər. Onu da qeyd edim ki, özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə vurulan zərərin miqdarına müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinin yaranmasına səbəb olur.
Hüquqşünas Ellada Bayramova isə öz növbəsində Bakıvaxtı.az-a bu istiqamətdə fikirlərini bölüşərkən qeyd edib ki, xəsarətin dərəcəsinə uyğun olaraq hücum edən şəxsə cəza tətbiq oluna bilər:
"Ədalət mülkün təməlidir. Əgər şəxsin əlində heç bir soyuq silah və xəsarət yetirə biləcək vasitə olmadığı halda, qarşı tərəfin hücumuna məruz qalırsa, bu, qanunla yolverilməzdir. Əgər şəxsə xəsarət yetirilibsə, ilk növbədə, polis bölməsinə müraciət olunur. İşə baxan polis məmuru rəsmi qaydada ekspertiza tələb etməli və xəsarətin dərəcəsi müəyyən edilməlidir".
Ellada Bayramova, hüquqşünas
Gülşən Şərif