ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində göstərdiyi təşəbbüslər və vasitəçilik cəhdləri göz önündədir. Bu cəhdlər beynəlxalq diplomatiya tarixində dərin iz buraxmış Kemp-Devid razılaşması ilə müqayisə oluna biləcək səviyyədə strateji əhəmiyyət kəsb edir.
1978-ci ildə ABŞ Prezidenti Cimmi Karterin liderliyi ilə Misir və İsrail arasında imzalanan Kemp-Devid razılaşması, Yaxın Şərqdə onillərlə davam edən düşmənçiliyə son qoymuş və ABŞ-nin uğurlu vasitəçilik modelinə çevrilmişdi. Bu presedent, yalnız ikitərəfli münasibətləri deyil, bütöv bir regionun geosiyasi nizamını dəyişmişdi.
Bu gün isə oxşar bir fürsət Cənubi Qafqazda yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional sülhə və əməkdaşlığa yönəlik ardıcıl və prinsipal xətt aparır. Tramp administrasiyası isə bu prosesi dəstəkləməklə və təşviq etməklə, özünü regionda sabitlik yaradan güc mərkəzi kimi yenidən təsdiqləmək şansı əldə edir. Prezident Əliyev ilə Prezident Tramp arasında formalaşmış qarşılıqlı etimad və açıq siyasi dialoq bu rolu daha da möhkəmləndirir. İki lider arasında şəxsiyyətə dayalı diplomatiya modeli - birbaşa ünsiyyət və siyasi iradə əsasında qurulan münasibət - bugünkü mürəkkəb beynəlxalq müstəvidə ciddi üstünlük hesab olunur.
Əgər Trampın vasitəçiliyi real sülh razılaşması ilə nəticələnərsə, bu, həm ABŞ diplomatiyası üçün yeni uğur səhifəsi olacaq, həm də Cənubi Qafqazda onillərlə davam edən münaqişələrin həllində dönüş nöqtəsi kimi tarixə düşəcək. Kemp-Devid sülhü Yaxın Şərqdə necə ki, yeni münasibətlər arxitekturası yaratdı, Trampın rəhbərliyi ilə baş tutacaq hər hansı Vaşinqton sülh formatı da regionda sabitlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq baxımından yeni imkanların açılmasına yol aça bilər.
Nəticə etibarilə, Tramp administrasiyasının Cənubi Qafqazdakı rolunu Kemp-Devid razılaşması ilə müqayisə etmək təkcə simvolik deyil, eyni zamanda strateji və siyasi reallıqdır. Belə bir paralel, ABŞ-nin vasitəçilik imkanlarını yenidən canlandırmaq və regionda balanslaşdırılmış, qarşılıqlı hörmətə əsaslanan sülh modelini formalaşdırmaq baxımından mühüm perspektivlər vəd edir.
Ruslan Zəngəzur