Gürücüstanda etiraz aksiyaları davam edir. Aksiya və iğtişaşlar nəticəsində Gürcüstan parlamentində 48 iş otağına ziyan dəyib.
Bakıvaxtı.az-ın məlumatına görə, aksiyalar noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Aİ-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. 4 gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb. Aksiyalara prezident Salome Zurabişvili də ciddi dəstək verir.
Gürcüstandakı vəziyyəti şərh edən beynəlxalq məsələlər üzrə şərhçi, əslən Gürcüstandan olan Turab Rzayev Bakıvaxtı.az-a müsahibəsində qeyd edib ki, artıq Saakaşvili hakimiyyətindən sonrakı dönəmdə Gürcüstanın ABŞ ilə Rusiya arasında formalaşmış status-kvo şəklində qalmasına icazə verilməyəcək:
- Bir tərəfdən Rusiya var gücü ilə çalışır ki, rəsmi Tiflis Moskvanın yanında olsun, Rusiya-Çin blokuna qoşulsun, Avropa İttifaqına inteqrasiydan imtina etsin. Qərb isə bütün gücü ilə çalışır ki, Gürcüstan Rusiyanın təsir dairəsinə keçməsin və Qərbin təsir zonasında qalsın. Buna görə də artıq Gürcüstana qarşı təzyiqlər başlayıb.
- Təzyiqlərin dalğası genişlənə bilərmi?
- Bəli, düşünürəm ki, yaxın günlərdə Gürcüstana qarşı ABŞ və Avropa İttifaqının sanksiyalarını açıq-aydın görə biləcəyik. Bu ölkəyə maddi yardımlar kəsiləcək, Gürcüstana qarşı izolyasiya siyasəti başlayacaq. Gürcüstan müxalifəti ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənəcək. Gürcüstanda bundan sonra qırılma nöqtəsinə yaxınlaşır.
- İndiki halda hökumətlə müxalifət arasında konsensus mümkündürmü, yoxsa etiraz dalğası daha da şiddətlənəcək?
- Burada proseslər hakimiyyət və müxalifət məsələsi olmaqdan çıxıb. Bu, həm də ABŞ və Rusiya məsələsidir. Artıq ABŞ ilə Rusiya arasında heç bir konsensus mümkün olmayacaq. Müşahidə edə bilərik ki, Gürcüstanda açıq şəkildə hakimiyyət uğrunda mübarizə gedir. Prezidentin də daxil olduğu etirazçılar və müxalifət ABŞ ilə birlikdə mövcud hakimiyyəti devirmək və yaxud da Rusiya ilə yaxınlaşmadan imtina etməyə sövq edir. Avropa İttifaqına inteqrasiya etməyə məcbur etməyə çalışır.
- Bu realdırmı?
- Mövcud hakimiyyət bütün əldə olan imkanlarla müxalifətin etirazlarını yatırtmağa çalışır. Prezidenti uzaqlaşdıraraq, artıq ABŞ və Avropa İttifaqı ilə arasına məsafə qoymağa səy göstərir. Bu mənada düşünürəm ki, indiki halda yaxın günlərdə etirazçılarla hakimiyyətin və yaxud Qərblə Rusiyanın Gürcüstan üzəridən ortaq məxrəcə gəlmələrinin şahidi olmayacağıq.
- ABŞ Gürcüstan ilə strateji tərəfdaşlığı dayandırdığını elan etdi. ABŞ-dəki gürcü səfir istefa verdi...
- Bəli, Vaşinqtondakı səfir gözlənildiyi kimi sadə adam deyil: keçmiş XİN başçısı və "Gürcü arzusu"nun əsas diplomatlarından biridir. Prezident Salome Zurabişvili mandatı bitsə də, istefa verməyəcəyini açıqladı. Açıq şəkildə, indiki parlamenti və hökuməti qeyri-legitim adlandırdı. Xeyli sayda səfir, nazirlik və mərkəzi bank işçiləri kütləvi istefa veriblər.
Hakimiyyət heç olmadığı qədər qırılma nöqtəsinə yaxındır. Nə ABŞ, nə də Avropa İttifaqı Gürcüstan hakimiyyətinin etirazçılara qarşı sərt davranışını bağışlayacaq. Kütləvi sanksiyalar və embarqo gözlənilir. Yeni Ağ Ev administrasiyası da indiki xətti böyük ehtimalla davam etdirəcək.
"Gürcü arzusu " ölkəni Orban Macarıstanına çevirmək istəyirdi. Amma Gürcüstan üçün görünən perspektiv hələ ki, Belarusun daha mötədil versiyasıdır.
- Hökumət qırılma nöqtəsindən geri qayıtmaq üçün nələr etməlidir?
- Hökumət geri addım atmalıdır, ən azı Avropa İttifaqı ilə bağlı mövqeyini korrektə etməlidir, xarici agentlər haqqında qanunu ləğv etməlidir, etirazçılara qarşı güc nümayişini dayandırmalıdır, ABŞ və Avropa İttifaqı ilə dialoqu bərpa etməlidir.
- "Gürcü arzusu" bunu istəyirmi və hətta, istəsə belə edə bilərmi?
- Bu, məlum deyil. Geriyə başqa bir yol qalır: etiraz aksiyalarının daha sərt şəkildə yatırılması. Bu da Gürcüstanı sanksiyalar və izolyasiyaya aparacaq.
Aydın Baxış