İrəvan hökuməti Asiya və Hindistan məhsullarının Ermənistan üzərindən Avropa bazarına daşınacağına ümid edir. Ermənistan rəsmiləri bu məqsədlə tez-tez Hindistan rəsmiləri ilə görüşür, fikir mübadiləsi aparırlar.
Bakıvaxtı.az-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib ki, Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur. Onun sözlərinə görə, məqsəd Hindistanın Mumbay limanından Ermənistana malların daşınmasıdır. Ancaq İran və Hindistanın rəsmi İrəvanla tərəfdaşlığına baxmayaraq, bu ölkələr Ermənistan marşrutu ilə bağlı yekun qərar verməyiblər. Digər tərəfdən İran və Hindistanın əsas tərəfdaşlarından biri - Rusiya Ermənistan marşrtunun seçilməsində maraqlı deyil.
Bu arada Hindistanın xarici işlər naziri Subramaniam Cahşenkarın İrana səfəri də diqqət çəkib. Xarici işlər nazirləri iki ölkə arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalayıblar. Sənədə əsasən tərəflərin iştirakı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq. İranlı nazir bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də tranzit imkanlarını artıracaq.
Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İranın cənub-şərqində, hökumət tərəfindən Azad Zona elan edilən bölgədə yerləşən dünyanın ən mühüm enerji tranzit xətlərindən sayılan, Oman dənizinin sahilindəki Çabahar limanı Hindistanın Mərkəzi Asiyaya, Əfqanıstanın isə dənizlərə çıxış qapısı sayılır.

Hasan Oktay, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri
Professorun sözlərinə görə, bu liman vasitəsi ilə mallar Hindistandan İrana, oradan Ermənistana və Gürcüstanın Batumi və Poti limanlarına çatacaq və dünyaya daha rahat çıxış imkanı əldə edəcək: "Son günlər Bəsrə və Qırmızı dənizdəki keçidlərin ciddi terror hücumlarına məruz qalması və təhlükəli olması səbəbindən yeni nəqliyyat axtarışları ön plana çıxmağa başlayıb. Xüsusən, İran və Ermənistan yeni nəqliyyat yolları üzərində geosiyasi üstünlük əldə etmək üçün Hindistan-İran-Ermənistan dəhlizinin tez zamanda fəaliyyətə başlamasına çalışırlar. İran Zəngəzur dəhlizinin aktuallığı artdıqca və bu istiqamətdə addımlar atıldıqca, dərhal alternativləri gündəmə gətirir və Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa cəhd göstərir”.
Müsahibimiz hesab edir ki, əgər Bakı və İrəvan arasında sülh prosesi sürətlənərsə, Türkiyə də prosesə daxil olarsa, Ermənistandan keçidlər rahat və asan başa gələrsə, İran və Hindistanın bu layihəsi gündəmdən çıxa bilər: “Elə o səbəbdən İran Çabahar limanı üzərindən başlayacaq yolu sürətlə reallaşdırmağa can atır".
Aydın Baxış
















