"Türkiyə və Pakistan liderlərinin məhz 28 May - Müstəqillik Günündə Azərbaycana gəlişi kifayət qədər maraqlı siyasi gedişdir".
Bunu politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, Azərbaycanın Müstəqillik Günündə Türkiyə və Pakistan liderlərinin ölkəmizə səfəri, Laçında görüşmələri faktiki olaraq iki dost-qardaş ölkənin Azərbaycanın yanında olduğunu göstərir:
"Türkiyə və Pakistan hərtərəfli Azərbaycana dəstək verir və hər ikisi bizim ən yaxın strateji müttəfiqlərimizdir. Bir dövlətin Müstəqillik Günündə digər ölkə rəhbərlərinin səfərləri adətən çox yüksək dəyərləndirilir. Türkiyə və Pakistan növbəti dəfə birmənalı nümayiş etdirdi ki, Azərbaycana, müstəqil dövlətimizə, onun rəhbərinə çox böyük hörmət göstərirlər, dəyər verirlər, həmçinin, dəstəkləyirlər”.
Politoloq deyib ki, Türkiyə və Pakistan Azərbaycanın strateji partnyoru olaraq qalmaqdadır:
“Laçına səfər, hava limanının birgə açılışı da xüsusi mesaj mahiyyəti daşıyırdı. Türkiyə və Pakistan açıq mesaj verdilər ki, Qarabağ Azərbaycanındır və bu məsələ mübahisəyə açıq deyil. Ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi iki ən yaxın müttəfiqimiz tərəfindən tam dəstəklənir. Faktiki olaraq burada Ermənistana, ermənilərin hamisinə birmənalı mesaj verilir. Çünki bəzi ölkələr "boz zona" məsələsini yenidən diriltməyə çalışırlar. Türkiyə və Pakistan liderlərinin Laçına səfəri ilə bu məsələnin üzərindən birdəfəlik xətt çəkildi".
Turab Rzayev: Türkiyə və Pakistan Azərbaycanın strateji partnyoru olaraq qalmaqdadır
Analitikin sözlərinə görə, çox qəribə haldır ki, Türkiyə və Pakistan liderlərinin Azərbaycana səfər etdiyi dönəmdə İran rəhbəri Məsud Pezeşkianın Ermənistana səfəri müzakirə olunur:
"Bu, Azərbaycanla münasibətdə hansı ölkənin necə davranış nümayiş etdiyini göstərir. Yəni Türkiyə və Pakistan strateji tərəfdaş saydıqları Azərbaycana, İran isə öz partnyoruna - Ermənistana getməyi planlaşdırır. Tehran da öz seçimini etmiş oldu".
Aydın Baxış