“Uçuş zamanı uşağın qorxmaması üçün onu əvvəlcədən təyyarədə baş verə biləcək səslər və turbulens barədə məlumatlandırmaq lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı, pediatr Regina Nemətova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Pediatr bildirib ki, xüsusilə kiçik yaşlı uşaqlar üçün təyyarə ilə səyahət qorxuducu ola bilər. Bu səbəbdən uçuşdan əvvəl uşağa təyyarədə baş verə biləcək proseslər barədə yaşına uyğun şəkildə məlumat vermək və cizgi filmlərindən istifadə etmək mümkündür.
Onun sözlərinə görə, təyyarənin qalxması və enməsi zamanı yaranan səslər, eləcə də turbulens zamanı təyyarənin silkələnməsi uşağa əvvəlcədən izah edilməlidir. R.Nemətova qeyd edib ki, uşağın səfər zamanı özünü rahat hiss etməsi üçün sevdiyi oyuncağı və ya ona tanış olan əşyaları özü ilə götürmək də faydalıdır.
Pediatr uzunmüddətli uçuşlarda uşağın diqqətini yayındırmaq üçün masaüstü oyunlar və yeni oyuncaqlar götürməyi də tövsiyə edib:
“Çalışaq uşağın öz mikroiqlimini özü ilə aparaq və onun üçün rahat şərait yaradaq. Uçuş iki saatdan çoxdursa, xüsusilə uşaq qorxursa, onunla masaüstü oyunlar oynamaq olar. Hətta uşağın marağını daha çox cəlb etmək üçün yeni oyuncaq və ya oyun götürmək mümkündür”.
R.Nemətova uçuş zamanı uşaqlarda qulaq ağrısının da yarana biləcəyini bildirib. Onun sözlərinə görə, bunun əsas səbəbi atmosfer təzyiqində yaranan fərqdir.
Dediyinə görə, xüsusilə təyyarə qalxarkən və enərkən körpəni əmizdirmək qulaqda təzyiqin tənzimlənməsinə kömək edə bilər. Daha böyük uşaqlara isə tez-tez udqunmaq tövsiyə olunur. Yaşı uyğun olan uşaqlar uçuş zamanı saqqız da çeynəyə bilərlər.
Həkim bildirib ki, udqunma zamanı qulaq pərdəsində yaranan təzyiq fərqi azalır və bununla da uçuş zamanı meydana gələn qulaq ağrısının qarşısını almaq mümkün olur.
Zeynəb Rzayeva
Bakı 



