• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Belarus Ukrayna sərhədinə qoşun yığır:  Proses hara aparır?

DÜNYA

20 Avqust 2024 | 17:33 | Müəllif: Əli Hüseynov

Belarus Ukrayna sərhədinə qoşun yığır: Proses hara aparır?

Xəbər verdiyimiz kimi, Belarus Ukrayna ilə sərhəddə aviasiya və hava hücumundan müdafiə qoşunlarını yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, Belarus hava hücumundan müdafiə qüvvələrinin komandanı, general-mayor Andrey Lukyanoviçin bəyanatlarına əsasən, Ukrayna sərhədi yaxınlığında zenit-raket kompleksləri və radiotexniki korpusun əsgərləri yerləşdirilib.

Qeyd olunur ki, Belarus ordusunda 60 minə yaxın hərbçi var və Lukaşenko ölkənin silahlı qüvvələrinin demək olar ki, üçdə birinin sərhəddə yerləşdirildiyini elan edib.

Bu qoşunların yerləşdirilməsində səbəb nədir? Başqa dövlətlər də belə iddiaya sahibdirmi?

Sultan Zahidov: Belarusun bu addımı Rusiyanın Ukraynaya qarşı əməliyyatlarında qlobal diqqəti yayındırmaqdır

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Belarusun Ukrayna sərhədinə qoşun yerləşdirməsi məsələsi Minsk ilə Moskva arasında artan hərbi əməkdaşlıq və regional güc balansının dəyişməsinin bir əlaməti kimi dəyərləndirilə bilər:

"Belarusun bu addımı bir tərəfdən Rusiyanın Ukraynaya qarşı davam edən hərbi əməliyyatları ilə bağlı qlobal diqqəti yayındırmaq, digər tərəfdən isə Belarusun özünü regional hərbi aktor kimi gücləndirmək niyyəti kimi izah edilə bilər. Lukaşenko rejiminin Rusiya ilə dərinləşən əlaqələri Belarusun qərb dövlətləri tərəfindən artan təzyiqlər qarşısında öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".

Belarusun qoşun yerləşdirməsinin arxasında duran əsas səbəblərdən birinin Rusiya ilə strateji əməkdaşlığı möhkəmləndirmək və regionda təhlükəsizlik sahəsində koordinasiyanı artırmaq olduğunu qeyd edən siyasi şərhçi diqqətə çatdırıb ki, Belarus NATO-nun şərq sərhədlərinə yaxınlığını nəzərə alaraq öz hərbi mövqeyini gücləndirməklə regionda balans yaratmağa çalışır:

"Moskva üçün Belarusun bu addımı Rusiyanın Ukrayna münaqişəsindəki mövqeyini möhkəmləndirmək və Ukraynanın şimal sərhədlərində əlavə təzyiq yaratmaq üçün mühüm əhəmiyyət kəsb edir. Belarusun qərb tərəfindən gələn təhlükəsizlik təhdidlərinə cavab vermək üçün Moskvanın təzyiqi altında bu cür addım atdığı da ehtimal olunur".

"Başqa dövlətlərin Ukraynaya qoşun yerləşdirməsi mümkündürmü" sualına politoloq belə cavab verib:

"Başqa dövlətlərin də bu hərəkəti təkrarlaması mümkündür, xüsusilə Rusiya ilə yaxın müttəfiq olan ölkələr. Qazaxıstan və Ermənistan kimi ölkələr Rusiya ilə hərbi əməkdaşlıq çərçivəsində oxşar addımlar ata bilər, lakin bu, həmin ölkələrin xarici siyasət balansına və regionda güclər arasında olan münasibətlərə görə dəyişə bilər. Regionda olan qeyri-sabitlik və qarşılıqlı hərbi addımların artması digər qonşu ölkələrin də öz hərbi mövqelərini gücləndirməsinə və sərhədlərində qoşun yerləşdirməsinə səbəb ola bilər. Belarusun qoşun yerləşdirməsi, Ukrayna münaqişəsinin daha geniş bir regional problemə çevrildiyini və Rusiya-Belarus müttəfiqliyinin bu çərçivədə yeni bir mərhələyə keçdiyini göstərir. Bu addım həm də regionda hərbi eskalasiyanın artması riskini artırır və beynəlxalq münasibətlərdə yeni gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər. Belarusun bu cür hərəkətləri qərb dövlətləri tərəfindən ciddi reaksiyalarla qarşılanaraq sanksiyaların gücləndirilməsi və NATO-nun regionda əlavə hərbi mövcudluğunu artırması ilə nəticələnə bilər".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026