• Bakı 22° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Uşaq pulu bərpa olunur, pensiya yaşı azaldılır? - Deputat nikbindir - MÜSAHİBƏ

MÜSAHİBƏ

05 Fevral 2024 | 13:38

Uşaq pulu bərpa olunur, pensiya yaşı azaldılır? - Deputat nikbindir - MÜSAHİBƏ

“Düzünü deyək” rubrikamızın budəfəki qonağı millət vəkili, iqtisadçı-alim Vahid Əhmədovdur.

Bakıvaxtı.az müsahibəni təqdim edir:

- Vahid müəllim, son günlər dolların bahalaşacağına dair müxtəlif iddialar var, hətta bəzi banklar dollar satışını da məhdudlaşdırıb. Sizcə, dolların bahalaşması reallaşa bilərmi və buna iqtisadi əsas varmı?

- Mən də oxuyuram, izləyirəm, müəyyən ekspertlər bu barədə açıqlamalar, proqnozlar verirlər, amma indiki şəraitdə 2024-cü ildə dolların bahalaşması və ya əksinə ucuzlaşmasını gözləmirəm. Çünki birincisi, biz dövlət büdcəsini müzakirə edəndə bu məsələ geniş müzakirə mövzusu olub və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, iqtisadiyyat, maliyyə nazirləri bu məsələyə münasibət bildiriblər. Gedən proseslər də onu göstərir ki, dolların bahalaşmasına, manatın ucuzlaşmasıan heç bir əsas yoxdur. Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var, neftin qiyməti kifayət qədər yüksəkdir. Bu iki amil manat-dollar məzənnəsinin dəyişməsinə imkan verməyəcək.

Hesab edirəm ki, 2024-cü ildə qiymət dəyişməsi gözlənilmir, amma ola bilsin, sonradan məsələlər başqa istiqamətdə inkişaf etsin. Bu, bir növ də dünyada gedən proseslərdən - Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən hadisələrdən asılı ola bilər. Əlbəttə, hər bir prosesin məsələyə təsiri var, amma yenə qeyd edirəm, dolların bahalaşması 2024-cü ildə gözlənilmir.

- İnsanlarda bir ümid var ki, prezident seçkisindən sonra uşaq pulları bərpa ediləcək və pensiya yaşı azaldılacaq. Sizcə, bu, mümkündürmü?

- Hər seçki ərəfəsindən belə bir gözləntilər olur. Müəyyən mənada dövlət başçısı cənab İlham Əliyev də müsbət dəyişikliklərlə bağlı anons verib. İndi hamı bilir ki, seçkilərdə favorit İlham Əliyevdir. Bu, heç kimdə şübhə doğurmur. Seçkidən sonra hökumət yenidən qurulmalıdır.

Hazırda insanları daha çox narahat edən sosial problemlərdir. Bizim ən böyük problemimiz olan Qarabağ məsələsi həll olundu. Düzdür, biz azad olunan ərazilərimizin yenidən qurulması ilə əlaqədar büdcədən müəyyən vəsait ayırırıq. Amma bunun digər problemlərə aidiyyəti yoxdur. Azərbaycanda sosial problemlər ciddi şəkildə həll olunmalı, dəyişikliklər edilməlidir. Bu gözləntilər var. Yəqin ki, cənab prezident də bu gözləntiləri həyata keçirəcək.

- Quru sərhədlərin açılması da son günlər ən çox müzakirə olunan mövzudur. Quru sərhədlərin bağlı qalması ilə ölkəmiz nələr itirir və onun açılması hansı halda mümkündür?

- Sərhədlərin bağlı qalması həm iqtisadi cəhətdən, həm də insanların gediş-gəlişi baxımından ölkəmizə kifayət qədər ziyan vurur.

Sərhədlərin açılmamasının başqa bir səbəbi də var. Bölgədə çox mürəkkəb hadisələr baş verir. Ermənistan Hindistan, İran, Rusiya və Fransandan silahlar alır. AŞPA ölkəmizin əleyhinə qərarlar qəbul edir. Bizim millət vəkillləri AŞPA-da fəaliyyətlərini dayandırır. Bölgə ilə əlaqədar kifayət qədər problemlər yaşanır. Bölgəni ələ keçirmək istəyən dövlətlər mövcuddur.

Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlığını qısqanırlar. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin apardığı müstəqil siyasəti qəbul etmək istəmirlər. Qarabağdakı qələbəmizi həzm etmirlər. Belə məsələlər var.

Mən də onun tərəfdarıyam ki, sərhədlər açılsın. Hətta təklif verdim ki, Gürcüstan bizə yaxın dövlət olduğu və strateji müttəfiq olduğu üçün bu ölkə ilə sərhədlərdə bir koridor açaq və o dəhlizlə gediş-gəliş həyata keçirilsin. Amma nəticə olmadı. Görünür, dövlət bu məsələləri daha dərindən bildiyi üçün hələ ki, sərhədləri bağlı saxlayıb.

- Vahid müəllim, bir haldakı Qarabağ məsələsinə toxundunuz, yekun sülhlə bağlı fikirlərinizi öyrənmək istəyirik. Bu il yekun sülh imzalana bilərmi?

- Yükun sülh istənilən zaman imzalana bilər. Dəqiq tarix söyləmək çətindir. Sənədin imzalanması bir ay içərisində də baş tuta bilər. Əsas hədəf nədir? Son zamanlar cənab prezident birbaşa təmaslara üstünlük verir və bu, çox düzgün siyasətdir. Fransa, Rusiya, Avropa dövlətləri və Amerikanın müdaxiləsi arzuolunan deyil. Çünki hərəsinin dövlət maraqları var.

Ermənistanın baş naziri Nikol Paşinyan da vəziyyəti başa düşür. O, konstitusiya dəyişiklikləri barədə ciddi düşünür. Paşinyan Ermənistan dövlətini qoruyub saxlamaq istəyirsə, Türkiyə ilə münasibətləri nizamlamalıdır. Öz konstitusiyasında Türkiyə və Azərbaycana olan ərazi iddiası ləğv edilməlidir. Erməni baş nazir bu məsələləri gündəmə gətirir.

O bilir ki, Türkiyə və Azərbaycanla sülh müqaviləsi imzalanmasa, iqtisadi, siyasi əlaqələr olmasa, 5-10 ildən sonra bölgədə mövcudluğu sual altına düşəcək.

Bu mənada sülh müqaviləsinin imzalanması bizdən çox onlara lazımdır. Biz onsuz da ərazi bütövlüyümüzü de-fakto həll etmişik, indi də azad olunan ərazilərimizdə quruculuq işləri həyata keçiririk. İnsanlarımız da öz yurdlarına köçürlər, hətta orada toy-büsat edirlər.

Artıq məsələlər bitib. İndi bu məsələlərin kağız üzərində de-yure tanınması qalıb. Bu da müəyyən müddət çəkə bilər. Sabah da ola bilər, bir ildən sonra da. Ermənistan buna nə qədər tez çalışsa, bir o qədər yaxşıdır.

Mən bu məsələnin ikitərəfli həllinin tərəfdarıyam. Bu müqavilə Gürcüstanda da imzalana bilər, Ermənistanda da, Azərbaycanda da. Məkan fərqi yoxdur. Təki Ermənistan öz mövqeyini, iradəsini ortaya qoya bilsin.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

27 Aprel 2024