Məktəblilərin yay tətili davam edir. Əvvəlki illərdə yay tətildində uşaqlar daha çox gəzməyə, əylənməyə üstünlük verirdilərsə, indi günlərini daha çox telefonla keçirirlər. Bu da onu göstərir ki, uşaqlar arasında assosillıq yayılıb.
Mövzu ilə bağlı bağlı Bakıvaxtı.az-a danışan psixoloq Günay Kərimi bildirib ki, uşaqların ən çox həvəslə gözlədiyi günlər yay tətilidir: “Onlar tətildə dincəlir, əyləncəli vaxt keçirirlər. Bu, onların ən təbii haqqıdır. Çünki il boyu oxuyur, əziyyət çəkirlər. Xüsusilə yeniyetmələr dərsdən sonra fərdi hazırlıq kurslarına getdikləri üçün daha çox yorulurlar. Ona görə, məktəblilər tətili həvəslə gözləyir”.
Onun sözlərinə görə, ancaq uşaqların heç də hamısı yay aylarını əyləncəli və səmərəli keçirmir: “Çünki əksər uşaq tətildə ancaq telefonla vaxt keçirir, ətrafı ilə ünsiyyət qurmur. Belə olduqda sosiallıq azalır”.
Müsahibimiz bildirib ki, burda əsas məsuliyyət valideynin üzərinə düşür: “Valideyn, hər şeydən əvvəl, övladına vaxt ayırmalı, nəyi sevib sevmədiyini bilməli, səmərəli tətil keçirməsi üçün əlindən gələni etməlidir. Bunun üçün valideynlər övladlarını zəif olduqları fəndən hazırlığa göndərə, idmana yazdıra, incəsənət sahələrinə yönləndirə bilər”.
G.Kərimi qeyd edib ki, əgər hər iki valideyn də işləyirsə, uşağı yay məktəbinə göndərə bilərlər. Bu zaman övladları həm yeni biliklər əldə edər, həm də yaşıdları ilə sosiallaşar.
“Qısacası, valideyn övladıma nə faydalıdır deyə düşünməli, tətil üçün ayrılan vaxtdan səmərəli istifadə etməlidir”, - deyə Günay Kərimi əlavə edib.
Aytac Aslan
















